20 oktyabr 2014
Dünən, Yaponiyanın paytaxtında bədii gimnastika üzrə AEON cup – klublararası Dünya Çempionatı yekunlaşıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata əsasən, ənənəvi klublararası Dünya Çempionatında 18 klubu təmsil edən gimnastlar iştirak edirdilər. Hər komandanın tərkibində iki senior və bir yunior gimnast olmaqla 3 gimnast daxil idi.
Azərbaycanın “Ocaq Sport” Klubunun təmsilçiləri Marina Durunda, Gülsüm Şəfizadə və Jalə Piriyeva yarışın nəticələrinə əsasən 5-ci yerdə qərarlaşdılar.
Bu çempionatda da fərqlənən Jalə Piriyeva, lent, gürzlər, top və halqa ilə parlaq və yaddaqalan çıxışlarına görə hakimlərdən yüksək xal aldı və bürünc medal qazanaraq, fəxri kürsünün 3-cü pilləsində qərarlaşdı. Rusiyalı Veronika Polyakova qızıl medal, Belarus gimnastı Mariya Trubaç isə gümüş medal qazandı.
"AEON Cup" ilə eyni zamanda Berlinin Maks-Şmelinq-Halle idman sarayında bədii gimnastika üzrə "Berlin-masters-2014" Qran-pri seriyasından sayca 14-cü ənənəvi turnir keçirilib.
13 ölkədən gimnastların iştirak etdiyi bu yarışda, bizim gimnastımız Ayşən Bayramova çıxışlarının nəticələrinə əsasən 60.400 xal alaraq, 10-cu yerdə qərarlaşdı.
Eyni zamanda, 17 oktyabr tarixində Astana şəhərində bədii gimnastika üzrə 3-cü “Juldız Kuboku – 2014” adlı beynəlxalq turnir yekunlaşıb.
Yarışda 9 ölkədən 1998-ci il təvəllüdlü və balaca gimnastlar iştirak edirdilər. Azərbaycanı bu yarışda məşqçi Sevil Məmmədovanın rəhbərliyi altında 8 gənc gimnast təmsil edirdi. Hakimlər kürsüsündə isə ölkəmizi Fatimə Şəfizadə və Kamilla Məmmədova təmsil etdi.
2007-cil il təvəllüdlü gimnastlar arasında yarışan ən gənc gimnastlarımızdan biri Fatimə Məmmədzadə alətsiz çıxışı ilə turnirin qızıl medalını qazanaraq, əsl sürpriz etdi.
Bundan əlavə, 2004-cü il təvəllüdlü gimnastlarla yarışan Nərminə Səmədova top və iplə çıxışlarına görə gümüş medal, Alina Gözəlova (2006) isə alətsiz çıxışına görə bürünc medal qazandı.