02 dekabr 2023
Bu həftə Milli Gimnastika Arenası öz qapılarını idman gimnastlarının üzünə açdı. Noyabrın 30-u və dekabrın 1-də Arenanın köməkçi zalında kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə isə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçirildi. Yarışda “Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, “Zirə Mədəniyyət Mərkəzi” və Balakəni təmsil edən 60 idmançı qüvvəsini sınadı.
Qeyd edək ki, yarışda öz ustalıqlarını sərgiləyənlər yalnız yerli idmançılar deyildi. Turnirdə müsabiqədən kənar proqramla Monqolustan yığmasının 2 üzvü də kişilər arasında iştirak edirdi.
Kişi gimnastlar kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011- ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz bacarıqlarını nümayiş etdirdilər.
Qadın gimnastlar isə uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə qüvvələrini sınadılar.
Yarışın ilk günündə qadın idman gimnastikası üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər, kişi idman gimnastikası üzrə isə kiçiklər, gənclər və böyüklər arasında fərdi çoxnövçülükdə qaliblər müəyyənləşdi.
Növbəti gün həm kişi, həm də qadın gimnastlar ayrı-ayrı alətlər üzrə çıxış proqramlarını təqdim etdilər.
Qadınlar arasında yeniyetmə, gənclər və böyüklər yaş kateqoriyası üzrə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər proqramı üzrə ən güclülər müəyyənləşdi.
Kişilər arasında isə gənclər və böyüklər yaş kateqoriyaları üzrə sərbəst hərəkətlər, gimnastika atı, halqalar, dayaqlı tullanma, parallel qollar və turnikdə yarışın ən güclüləri bəlli oldu.