01 may 2025
Bədii gimnastika üzrə Avropa kuboku artıq ikinci dəfədir ki, Bakıda keçirilir. 25 ölkədən 172 idmançının iştirak etdiyi kubok Milli Gimnastika Arenasında start götürüb.
Yarışın ilk günündə - təsnifat mərhələsində gimnastlar fərdi proqramda böyüklər yaş kateqoriyası üzrə halqa və top ilə öz performanslarını sərgiləyiblər. Artıq ilk gündən etibarən arenada təkcə idman deyil, bir sənət nümayiş etdirilib.
2 gün ərzində davam edəcək təsnifat yarışlarının sonunda ən yaxşı nəticə göstərən 16 böyük fərdi gimnast müəyyən olunacaq və onlar çarpaz qarşılaşmalarda mübarizə aparacaqlar.
Bu kubokda təkcə fərdi gimnastlar deyil, həmçinin qrup hərəkətləri komandaları da çarpaz qarşılaşmalarda yarışacaqlar.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Avropa Gimnastikasının prezidenti, gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə gimnastikanın böyük populyarlıq qazanmasının başlıca səbəbinin Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın bu idman növünə diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıb. Nazir, həmçinin qeyd edib ki, bədii gimnastika ölkəmizdə qızların ən çox maraq göstərdiyi idman növüdür. Onun fikrincə, bu turnir idmançıların təcrübələrini artırmaları üçün xeyli əhəmiyyətlidir.
Daha sonra rəsmi açılış müxtəlif musiqili şoular ilə öz işini davam etdirib.
Milli Gimnastika Arenası növbəti 3 gün ərzində də zərafətin və estetikanın ən zirvə anlarına şahidlik edəcək.