22 aprel 2023
Milli Gimnastika Arenasında 40 ölkədən 135 gimnastın iştirakı ilə keçirilən Dünya kubokunun ikinci günü Azərbaycanın qrup hərəkətləri üzrə komandasının bürünc medalı ilə yadda qalıb. Belə ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət komandamız çoxnövçülük proqramında 65.750 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, dünən 5 halqa ilə çıxışlarına görə 33.500 xalla üçüncü olan gimnastlarımız bu gün 3 lent və 2 topla (32.250 xal) hərəkətlərin icrasında ikinci yerdə qərarlaşaraq final mərhələsinə adlamağı bacarıblar.
Bu gün həmçinin fərdi proqramda çoxnövçülük üzrə qaliblər müəyyənləşib. Çöxnövçülük proqramında çıxışlarını davam etdirən fərdi gimnastlarımız Zöhrə Ağamirova və Alina Gözəlova gürzlər və lentlə proqramlarını təqdim ediblər. Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə altıncı (30.800) pillədə qərarlaşaraq finala vəsiqə qazanıb. İdmançımız lentlə isə 9-cu (29.400) olub.
Çoxnövçülüyün nəticələrinə görə, Ağamirova ümumilikdə 122.050 xal toplayaraq səkkizinci yeri tutub.
Gözəlova gəlincə, o, çoxnövçülük yekununda və lentlə 27-ci, gürzlərlə isə 33-cü olub.
Qeyd edək ki, həm fərdi həm də qrup hərəkətləri üzrə komandalar sabah ayrı-ayrı alətlər üzrə final yarışlarında mübarizə aparacaqlar. Təmsilçimiz Zöhrə Ağamirova top və gürzlərlə, qrup hərəkətləri üzrə komandamız isə 5 halqa və 3 lent, 2 topla proqramlarını təqdim edəcəklər. Dünya kubokuna sabah yekun vurulacaq.