İdman

gimnastikadan

başlayır

İdman gimnastikası üzrə təsnifat yarışları sona çatdı

24 iyun 2018

İdman gimnastikası üzrə təsnifat yarışları sona çatdı

Bu gün, Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına yekun vuruldu. 29 ölkədən 54 kişi idman gimnastı arasında çoxnövçülükdə gedən mübarizədə əzmkar çıxışları ilə fərqlənən təmsilçimiz Səməd Məmmədli 77.931 xalla sıralamada 7-ci yerdə oldu.

Kişi gimnastları arasında digər təmsilçimiz Ağamurad Qəhrəmanov da öz layiqli çıxışları ilə komanda yoldaşından geri qalmayıb. İdmançımız 6 alətdə göstərdiyi nəticələrə əsasən ümumilikdə 74.032 xalla 21-ci yerdə qərarlaşıb.

Qadın idman gimnastlarının təsnifat yarışlarında isə Samirə Qəhramanova çoxnövçülükdə 43.665 xal toplayaraq, 41 gimnast arasında 28-ci olub.

Qaydalara əsasən həm kişi, həm də qadın idman gimnastları arasında hər ölkədən yalnız 1 nəfər olmaqla ən yaxşı nəticəni toplamış 17 gimnast 2018-ci ilin 6-18 oktyabr tarixlərində Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə etmiş sayılır. İlkin hesablamalara əsasən  təmsilçimiz Səməd Məmmədli də ölkəmiz üçün bu oyunlara vəsiqəni təmin edib.

Lakin, lisenziyaların təyin olunması haqda rəsmi məlumatın gələn həftə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təsdiqlənəcəyi gözlənilir.