25 fevral 2024
23-25 fevral tarixlərində ölkəmizdə keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda azarkeşlər Azərbaycan idmançılarının uğurlarına bir daha şahidlik etdilər. Komandamıza ilk medalı tamblinq üzrə yarışın sonuncu günü final mərhələsində mübarizə aparan Avropa və ikiqat dünya çempionu Mixail Malkin qazandırdı. Avropada 2023-cü ilin ən yaxşı gimnastı adını qazanan Malkin hamıdan güclü olduğunu bir daha sübuta yetirərək gimnastikasevərlərə qızıl medal sevincini yaşatdı. Onun ardınca daha bir təcrübəli idmançımız, komanda hesabında dünya çempionatının qalibi Adil Hacızadə komandamızın aktivinə gümüş medal (29.400 xal) yazdırdı.
Tamblinq üzrə komandamızın digər üzvləri 4-cü və 5-ci pillələrdə qərarlaşan Tofiq Əliyev (55.800 xal) və Bilal Qurbanov (52.000 xal) da finala iddialı olsalar da, hər ölkədən yalnız iki idmançının həlledici mərhələdə iştirakına icazə verildiyi üçün onlar növbəti mərhələyə adlaya bilmədilər.
Komandamızın əsas medal ümidlərindən olan, ölkəmizdə keçirilən son iki Dünya kubokunda gümüş və bürünc medal qazanan Selcan Mahsudova təəssüf ki, çıxışı zamanı səhvə yol verdiyi üçün finala vəsiqə əldə edə bilmədi və yekun nəticədə 24-cü pillədə qərarlaşdı.
Dünya kubokunda debüt edən Hüseyn Abbasov və Nicat Mirzəyevdən ibarət sinxron cütlüyümüz Dünya kubokunu 19-cu pillədə başa vurdu.
Yarışda qalib və mükafatçılarla yanaşı həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə olaraq batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar “AGF Trophy” kuboku ilə təltif edildilər.
Bununla da 32 ölkədən 300 idmançının iştirakı ilə keçirilən ilk Dünya kuboku uğurla yekunlaşdı.