21 dekabr 2015
19 dekabr tarixində bədii gimnastika üzrə Azərbaycan Birinciliyi çərçivəsində 2-ci Bölgələr arası Kubok keçirildi.
Turnirdə Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan bölgələrini və Bakının Hövsan qəsəbəsini təmsil edən gimnastlar çıxış etdilər.
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, bölgə gimnastlarının çıxış səviyyəsi getdikcə artır, müxtəlif bölgələrin gimnastları arasında maraqlı rəqabət qeydə alınır və bu da bütün gimnastika həvəskarlarını sevindirir.
2005, 2006 və 2007-ci il təvəllüdlü idmançılar arasında qaliblər müvafiq olaraq Xırdalan, Göyçay və Qusar gimnastları oldu. Daha ətraflı nəticələri Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) görə bilərsiniz.
Turnir sona çatdıqda Qala-Konsertdə böyük həvəslə çıxış edən bölgə gimnastları onlar üçün əsl bayrama çevrilmiş yarışları şən əhval-ruhiyyədə tərk etdilər.