İdman

gimnastikadan

başlayır

Rekord göstəricili və qızıl medallı Dünya kuboku  

12 mart 2023

Rekord göstəricili və qızıl medallı Dünya kuboku  

Martın 9-dan 12-dək Milli Gimnastika Arenası daha bir mötəbər yarışa - kişi və qadın idman gimnastikası üzrə Dünya kubokuna uğurla ev sahibliyi etdi. 
Azərbaycanda gimnastika növləri üzrə keçirilən 2023-cü ilin ikinci beynəlxalq yarışı ölkəmiz üçün bir sıra məqamlarla yadda qalan oldu. Bu yarışda ilk dəfə olaraq ölkəmizdə gimnastika növləri üzrə keçirilən Dünya kubokları tarixində iştirakçı ölkə sayına görə rekord göstərici qeydə alındı. Mübarizəyə 48 ölkədən 173 idmançı qoşuldu. 
Əlbəttə ki, ölkəmizə təşrif buyuran dünya şöhrətli gimnastika ulduzları ilə mübarizə aparmaq yığma komandamızın üzvləri, Nikita Simonov, İvan Tixonov, Nazənin Teymurova və Samirə Qəhrəmanova üçün heç də asan olmadı.   
Yarışa yüksək səviyyəli hazırlıq prosesi keçən idmançılarımızdan ən yüksək nəticəni Nikita Simonov qazandı. Bu il Dohada keçirilən Dünya kubokunda bürünc mükafata layiq görülən təmsilçimiz elə təsnifat mərhələsindəki çıxışında öz sözünü deməyi bacardı. Bu mərhələdə 1-ci olan idmançımız finalda da bütün rəqiblərini üstələyərək Dünya kubokunda bayrağımızı yüksəltdi, himnimizi səsləndirdi.  
Digər təmsilçilərimiz medal qazana bilməsələr də, özünəinamlı çıxışları ilə yadda qaldılar. Finalda ölkəmizi təmsil edən İvan Tixonov turnik, bu ildən etibarən böyüklər arasında mübarizə aparan Nazənin Teymurova isə sərbəst hərəkətlərin icrasında 8-ci oldu.   
Bununla da, ölkəmizdə daha bir Dünya kuboku uğurla yekunlaşdı. 
Yarışların bütün qalib və mükafatçılarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.