15 may 2016
14 may tarixində Milli Gimnastika Arenasında bədii gimnastların Azərbaycan Çempionatı, batutçuların isə ölkə Çempionatı və Bakı Birinciliyi çərçivəsində yarışları sona çatdı.
Bədii gimnastika üzrə yarışlarda gənclər yaş qrupunda ayrı-ayrı alətlər üzrə final mərhələləri keçirildi. Əsas etibarilə bu finallarda güclü rəqabət gimnastlar İlahə Məmmədova (1-ci yer – top, gürzlər; 2-ci yer – ip, halqa), Zöhrə Ağamirova (1-ci yer – ip, halqa; 2-ci yer - top; 3-cü yer – gürzlər), Veronika Qudis (2-ci yer - gürzlər), Dərya Farşbafşəhriyari (2-ci yer – halqa; 3-cü yer – top) və Darya Sorokina (3-cü yer – ip) arasında gedirdi.
Qızlarımız İlahə Məmmədova, Veronika Qudis, Zöhrə Ağamirova və Darya Sorokina gənclər üçün bu ilin ən mühüm yarışı olan 17-19 iyun tarixlərində İsrailin Holon şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatında iştirak edəcəklər.
Batut gimnastikası üzrə də turnir davam edərək, kişi gimnastlar 1, qadın gimnastlar isə 4 yaş qrupunda mübarizə apardılar. Kişilər arasında Hüseyn Abbasov (uşaqlar), qadınlar arasında isə Sviatlana Makştarova (böyüklər), Selcan Mahsudova (yeniyetmələr), Kamilla Rəsulova (uşaqlar) və Violetta Sorokina (kiçiklər) fərqləndilər.
Yarışların sonunda gimnastlar ənənəvi Qala–konsertdə göz oxşayan çıxışlarla xalçanı bəzədilər.
Yarışların daha ətraflı nəticələrini Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytından əldə etmək olar (www.agf.az).