İdman

gimnastikadan

başlayır

GÖYÇAY RAYONUNDA BƏDİİ GİMNASTİKA BÖLMƏSİ AÇILIB!

21 dekabr 2010

GÖYÇAY RAYONUNDA BƏDİİ GİMNASTİKA BÖLMƏSİ AÇILIB!

Azərbaycanın gimnastika həyatında əlamətdar bir hadisə baş verib. Bu gün Azərbaycanın Göyçay rayonundakı Olimpiya-İdman Kompleksində bədii gimnastika bölməsinin açılışı keçirilib.

Bayram tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, habelə Göyçayın ictimaiyyəti iştirak etmişlər.

Bu münasibətlə keçirilmiş mərasimdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edərək son illər ölkəmizdə gimnastika üzrə mötəbər yarışların keçirilməsindən, milli yığma komandamızın dünya və Avropa çempionatlarında əldə etdiyi uğurlardan söz açmışdır. Federasiyanın gördüyü işlərdən bəhs edən F. Qayıbov bildirmişdir ki, paytaxtla yanaşı, regionlarda da idmanın gimnastika növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yetişdirilməsi, təlim-məşq toplanışlarının keçirilməsi, bacarıqlı gimnastların müəyyən edilərək yığma komandaya cəlb olunması istiqamətində tədbirlər görülür. Bu günədək Azərbaycan Gimnastika Federasiyasının Sumqayıt, Gəncə, Xırdalan və Göyçayda yeni bölmələri açılmışdır. Sonda olaraq, o Göyçay Olimpiya-İdman Kompleksinin direktoru Həsən Bayramlıya Azərbaycan Gimnastika Federasiyasının bayrağını təqdim etmişdir.

İcra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov rayonda bədii gimnastikanın inkişaf edəcəyinə və gələcəkdə Göyçayın yığma komandasının bu idman növündə uğurlar qazanacağına əminliyini bildirmişdir.

Qeyd edək ki, Göyçayda gimnastika bölməsinin yaradılması ilə bağlı rayon mərkəzində və kəndlərdə elan lövhələri asılmış, valideynlərlə fərdi söhbətlər aparılmışdır. Nəticədə qısa müddətdə kompleksin 3-10 yaşlı qızlardan ibarət kollektiv yaradılmış, Azərbaycan Gimnastika Federasiyası tanınmış gimnast Esmira Orucovanı bu komandaya məşqçi təyin etmişdir. Artıq 25 uşaq və yeniyetmə qızın məşqlərə cəlb olunduğunu bildirən yığmanın baş məşqçisi Mariana Vasileva Federasiya məşqlərin keçirilməsi üçün kompleksə yeni xalça da hədiyyə etməsini diqqətə çatdırmışdır.

"Göyçaydan və respublikanın digər regionlarından olan istedadlı idmançılar ölkənin milli komandasının sıralarını tamalaya bilərlər. Məsələn, 1 nəfər qız Sumqayıtdan artıq milliyə çağırış alıb. Ona görə də, Azərbaycanın regionlarında bədii gimnastikanın inkişaf etdirilməsi bizim vəzifəmizdir", M. Vasileva bildirib.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın bədii gimnastika yığmasının üzvləri və Göyçaylı gənc gimnastları nümunəvi nömrələrlə çıxış ediblər.