21 avqust 2016
20 avqust tarixində Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə fərdi çoxnövçülük yarışları yekunlaşmışdır.
Güclü rəqabət şəraitində keçən yarışlarda dünyanın ən güclü 10 gimnastı sırasında yer almış Azərbaycan təmsilçisi Marina Durunda, çoxnövçülük finalında 4 çıxışın cəminə görə 69.748 xal toplayaraq, 9-cu yerdə qərarlaşmışdır.
Olimpiya Oyunlarında ilk dəfə çıxış edən Marina bu yarışlarda öz dəsti-xətti və peşakarlığı ilə yadda qalmışdır.
Yarışların qızıl medalını Rusiya təmsilçisi Marqarita Mamun (76.483), gümüş mükafatını onun həmyerlisi Yana Kudryavtseva (75.608) və “bürünc”ünü isə Ukrayna gimnastı Qanna Rizatdinova (73.583) qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyası göstərdiyi dəstəyə görə bütün yerli və xarici azarkeşlərə öz minnətdarlığını bildirir.