04 noyabr 2013
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Armonia di Abrutsso" (Kyeti) klubu Durundanın çıxışı sayəsində digər rəqiblərini qabaqlaya bilib. Belə ki, gimnastımız halqa ilə hərəkətlərə görə 17.8 bal qazanıb ki, bu da onun komanda yoldaşları və bu növdə çıxış edən iştirakçılar arasında ən yüksək nəticə olub. "Armonia di Abrutsso" cəmi 100.95 bal toplayıb və hazırda hesabında 50 xalı var. Durundanın komandası "Gimnastika" (San-Corcio) klubunu 6 xal qabaqlayır. Bu klubu isə Ukraynanın dünya çempionu Qanna Rizatdinova arxasınca aparır. İtaliyanın çempionatının 3-cü turu 2006-cı Olimpiya Oyunlarının paytaxtı Turində keçiriləcək.
2019-cu il Universiadasına ev sahibliyinə namizəd olan Budapeştdə isə yeniyetmələr arasında beynəlxalq turnir başa çatıb. Yarışda "Neftçi"nin gimnastları uğurla çıxış edərək 3 qızıl və 2 gümüş medal qazanıblar.
Belə ki, Arzu Cəlilova (2004-cü il təvəllüdlü) çoxnövçülük və alətsiz hərəkətlərdə turnirin qalibi olub, iplə isə ikinci yerə layiq görülüb. 10 yaşlı Əzizə Bayram topla birinci, 2005-ci il təvəllüdlü olan Dəniz Yusubova isə iplə hərəkətlərdə ikinci olub.