İdman

gimnastikadan

başlayır

SAMİRƏ MUSTAFAYEVA SLOVAKİYADA BÜRÜNC MEDAL QAZANDI

13 aprel 2009

SAMİRƏ MUSTAFAYEVA SLOVAKİYADA BÜRÜNC MEDAL QAZANDI

 

Azərbaycan gimnastı Samirə Mustafayeva Slovakiyada keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata görə, o, lentlə hərəkətlərin finalında 23.85 bal toplayaraq, üçüncü nəticəni göstərib. Bratislavanın Mərkəzi idman kompleksində Mustafayeva fəxri kürsüyə Belarus və Rusiya idmançıları ilə birgə qalxıb.

- Digər final yarışlarında – ip və topla hərəkətlərdə Samirəni mükafatdan bir-neçə bal ayırıb və dördüncü yeri tutub. Halqa ilə isə gimnastımız finalçıların səkkizliyini qapayıb. Çoxnövçülüyə gəlincə, o, 92.275 xal toplayaraq 6-cı nəticəni göstərib.

Fikrimcə, Samirə sabit çıxış nümayiş etdirdi. Lakin bir məşqçi kimi bugünkü nəticə ilə qane ola bilmərəm. Qarşıda görüləcək işlər çoxdur, - deyə məşqçi Marina Qovorova bildirib.

Digər Azərbaycan gimnastı Anna Qurbanova gələn ay Bakıda start götürəcək Avropa çempionatına hazırlıq çərçivəsində Kiyevdə keçirilmiş və Qran-pri seriyasından olan turnirdə mübarizə aparıb.

Mütləq birincilik Annaya 96.85 bal və 8-ci yeri qazandırıb. Ən yüksək nəticəni gimnastımız iplə göstərib - o, 24.875 ballla 6-cı olub.

Yarışların qalibi adını isə ilin əvvəlindən irimiqyaslı turnirlərdə iştirak etməyən xalça sahibi Anna Bessonova qazanıb. O, gümüş mükafatçı rusiyalı Dariya Kondakovanı 5 xal geridə qoyub. İsrail nümayəndəsi İrina Risenzon 3-cü nəticəni göstərib.

Kiyev turnirinin ardınca Qurbanovanı Portuqaliyanın Portimao şəhərində aprelin 17-19-da Dünya kuboku yarışları gözləyir. Anna burada xalça üzərinə komanda yoldaşı Aliyə Qarayeva ilə çıxacaq. Kubok yarışlarında ölkəmiz böyüklərdən ibarət qrup komandası ilə də təmsil olunacaq. Burada xalça üzərinə Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Nigar Mirzəyeva çıxacaqlar. Elə həmin şəhərdəcə beynəlxalq turnir keçiriləcək ki, orada yeniyetmələrdən ibarət milli komandamız – Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova qüvvəsini sınayacaq.