26 noyabr 2007
Dinarə Gimatovanın gümüş medalı, Zeynəb Cavadlının növbəti qələbəsi, Şakir Şıxəliyevin ilk dəfə Azərbaycan çempionu adını qazanması və Dəvəçi akrobatlarının debütü ötən həftənin diqqətəlayiq gimnastika xəbərləridir.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti bildirir ki, Gimatova Kazanda uğurlu çıxışından sonra, Zaqrebdə keçirilən beynəlxalq turnirdə iştirak etmişdir. Xorvatiyada təşkil olunan yarışlarda Dinarə rusiyalı Avropa və dünya çempionu Vera Sesinadan sonra ikinci yeri tutmuşdur. Üçüncü yeri isə Ulyana Trofimova (Özbəkistan) tutub.
Bədii gimnastika üzrə 14-cü Bakı çempionatında 5 Gəncə gimnastı müsabiqədənkənar iştirak etmişdir. 1990-91-ci illər təvəllüdlü gimnastlar arasında Zeynəb Cavadlı (61.4 xal) yenidən Bakı çempionu olmuşdur. O, Bakı Gimnastika Məktəbindən olan klub yoldaşı Leyla Şamilovanı təxminən 3 xal geridə qoymuşdur. 3-cü yeri Zülfiyyə Əliyeva (53 xal, “Həmkarlar İttifaqları”) tutmuşdur.
1992-1993-cü illər təvəllüdlü gimnastlar arasında Ceyla Quliyeva (91.1, Bakı Gimnastika Məktəbi) 1-ci, Nigar Mirzəyeva (86.4, Respublika kompleks idman məktəbi) 2-ci, Səidə Abdullayeva (80.65, Bakı Gimnastika Məktəbi) 3-cü olmuşlar.
Bakı Gimnastika Məktəbindən Nigar Əbdüsəlimova 1994-95-ci illər təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərmişdir – 86.45 xal. 2-ci yeri Kamilə Məmmədova (83.45, “Həmkarlar İttifaqları”), 3-cü yeri Ayelita Xələfova (83, Bakı Gimnastika Məktəbi) tutmuşlar.
1996-97-ci illər təvəllüdlü gimnastlardan ibarət ən kiçik yaş qrupunda Ayişə Mustafayeva (81.95, “Həmkarlar İttifaqları”) 1-ci olmuşdur. Yekaterina Prokopenko ondan bir xal geri qalmış, 3-cü yeri isə Mansurə Bağıyeva (74.8, hər ikisi Respublika kompleks idman məktəbi) tutmuşdur.
İdman gimnastikası üzrə ustalar arasında ilk dəfə Azərbaycan çempionu Şakir Şıxəliyev (MOİK) olmuşdur – 87.25 xal. Mükafata layiq növbəti yerləri onun klub yoldaşı Elvin Ağadədəyev (84.1) və Fərrux Dadaşov (76.8, Respublika Olimpiya İdman Liseyi) tutmuşlar.
İdman ustalığına namizədlər arasında Ruslan Balakişiyev (91.7, MOİK) fərqlənmişdir. 2-ci yerə Murad Tatlıyev layiq görülmüş (79.1), 3-cü yeri Mirvaqif Bağırov və Əhməd Ağayev (76.3, hər üçü Bakı Gimnastika Məktəbi) bölüşdürmüşlər.
Birinci dərəcəli gimnastlar arasında Şamil İsmayılov qalib gəlmişdir – 95.6. 2-ci yerə Yevgeni Samarkin (93.8, hər ikisi lisey), 3-cü yerə Şahmurad Qüdrətli (89.95, Bakı Gimnastika Məktəbi) sahib olmuşlar.
Dəvəçi akrobatları idmanın bu növü üzrə ölkə çempionatında ilk dəfə çıxış etmişlər. Mükafata layiq yer tutmasalar da, onlar öz kompozisiyaları ilə xoş təəssürat bağışlamışlar. Ayla Əhmədova və Dilarə Sultanova (85.28, Bakı Gimnastika Məktəbi) qadın cütlükləri arasında, Nailə Tauçelova – İranə Həşimi – Könül Fərəcova (76.25, Bakı Gimnastika Məktəbi) qadın üçlüklər arasında, Faiq Sultanov və Tamara Babakişiyeva (82.8, Bakı Gimnastika Məktəbi) qarışıq cütlər arasında, Rüstəm Nəcəfquliyev – İlham Abbasov – Elnur Məmmədov - Fərid Məmmədov (82.3, Nizami rayonunun idman məktəbi) kişi qrupunda və Emil Yarəhmədov – Elçin Məmmədov (80.25, “Təhsil”) kişi cütlükləri arasında çempion olmuşlar.