06 iyun 2008
Bu gün, Turində bədii gimnastika üzrə Avropa çempionatında yarışların ikinci günüdür. Yarışların səhər keçirilən hissəsi yunior gimnastların turniri ilə başladı və yuniorlar qalan iki alətlə - top və lentlə çıxışlarını davam etdirdilər. Azərbaycan gimnastı Samirə Mustafayeva topla hərəkətləri nümayiş etdirmişdir və hakimlər onun çıxışını 23.125 xalla qiymətləndirmişlər – 12-ci yer. Nigar Əbdüsəlimova isə lentlə çıxış etmiş və onun nəticəsi – 20.975 xal – 23-cü yer. Beləliklə, bu iki gimnastdan ibarət komandanın 4 alət üzrə ümumi xalı – 88.7 xaldır. Yarışların axşamkı hissəsi isə gimnastika sevərlər üçün ən maraqlı yarış – senior gimnastlar arasında çoxnövçülüyün final mərhələsi olacaq. Bizim gimnastlar Aliyə Qarayeva və Dinarə Gimatova qitə üzrə ən yaxşı gimnast adı uğrunda mübarizə aparacaqlar.