07 dekabr 2013
Avropa Gimnastika İttifaqının (UEG) 25-ci seçki konqresinin keçirildiyi Sloveniyanın Portoroj kurort şəhərindən sevindirici xəbər gəlib. Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, Azərbaycan nümayəndə heyətinin tərkibində forumda iştirak edən Fərid Qayıbov UEG-nin vitse-prezidenti seçilib!
Bununla da ilk dəfə Azərbaycan nümayəndəsi Avropa gimnastikasının rəhbər heyətinə daxil olub. F. Qayıbovun namizədliyini 23 ölkənin nümayəndəsi dəstəkləyib ki, bu da əksəriyyət təşkil edib.
Gələn ildən başlayaraq və dörd il müddətində F. Qayıbov ikinci dəfə seçilmiş digər iki - İsveç və İsveçrədən olan vitse-prezidentlərlə birgə İdarə Heyətinin müxtəlif iclaslarında və Avropa çempionatlarında iştirak edəcək.
İkinci müddətə UEG-nin prezidenti seçilmiş fransız Jorj Qelzek bütün rəhbər heyəti təbrik edib və gələcək işin əsas prioritetləri, o cümlədən Bakıda 2015-ci ildə keçiriləcək 1-ci Avropa Olimpiya Oyunları barədə məlumat verib.
Fərid Qayıbov gimnastikanın Azərbaycanda aparıcı idman növlərindən birinə çevrilməsi məqsədilə onun inkişafında və irəliləyişində on illik aktiv təcrübəyə malikdir. Onun bədii gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların, eləcə də gimnastikanın müxtəlif növləri üzrə milli çempionatların idarə edilməsində və koordinasiyasında böyük təcrübəsi var. F. Qayıbov iki dəfə Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvü seçilib.