İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ BAŞ KATİBİ FİG-in ŞURASINA ÜZV SEÇİLMİŞDİR

19 oktyabr 2008

AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASININ BAŞ KATİBİ FİG-in ŞURASINA ÜZV SEÇİLMİŞDİR

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) 77-ci konqressinin başa çatdığı Helsinkidən sevindirici xəbər daxil olmuşdur. Azərbaycan nümayəndə heyətinin tərkibində forumda iştirak edən Milli Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropadan FİG-in Şurasına üzv seçilmişdir.

İlk dəfə olaraq, Azərbaycan nümayəndəsi Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından birinin tərkibinə daxil olmuşdur. Onun namizədliyinin lehinə 35 nümayəndə səs vermişdir. Beləliklə, Fərid Qayıbov növbəti 4 il ərzində 20 ölkəni təmsil edən digər həmkarları ilə birgə Şuranın müxtəlif iclaslarında iştirak edəcək.

FİG strukturunun yeni seçilmiş üzvü telefon müsahibəsində bildirmişdir ki, həm həyatda, həm də işdə demokratik prinsiplərin etiqadlı tərəfdarı kimi, o, bütün gimnastika növlərinin inkişafı üçün eyni şəraitin yaradılmasında təşkilatların səylərinin uzlaşdırılmasının tərəfdarıdır.

“Mənin fikrimcə, bizim həmçinin ümumi məqsədimiz milli federasiyalara, xüsusilə yeni müstəqil dövlətlər və inkişaf edən ölkələrə ayrıseçkilik etmədən eyni münasibətin göstərilməsi olmalıdır. Əminəm ki, gələcəkdə qəbul olunan qərarlar olimpiya proqramında idman növü kimi gimnastikanın rolunun möhkəmlənməsinə, dünya ictimaiyyətinin gözündə idman nüfuzunun və mənəvi imicinin artmasına xidmət edəcək”, deyə, o, bildirdi.

Beynəlxalq Gimnastika Federasiyasının ali rəhbərliyinin tərkibində elə bir əhəmiyyətli dəyişiklik baş verməyib. FİG-in prezidenti yenidən italiyalı Bruno Qrandi seçilmişdir, vitse-prezidentlər Fransadan Mişel Leqliz, Yaponiyadan Koji Takizava və Kanadadan Slava Korn olaraq qalmışlar.

Dəyişiklik yalnız bədii gimnastika üzrə Texniki Komitənin rəhbərliyində baş vermişdir. Belə ki, səlahiyyətləri öz üzərindən götürən italiyalı Eqle Abruzzininin yerinə, Texniki Komitənin başçısı, əvvələr həmin komitənin üzvü olan Polşadan Mariya Şişkovska seçilmişdir. Digər Texniki Komitələrin prezidentləri aşağıdakı şəxslər seçilmişlər: kişi idman gimnastikası – Adrian Stoyka (Rumıniya), qadın idman gimnastikası – Nelli Kim (Belarus), akrobatika gimnastikası – Tonya Keys (ABŞ), tramplin-tamblinq – Horst Kunze (Almaniya).

Qeyd edək ki, Milli Federasiyanın vitse-prezidenti Altay Həsənovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti konqress çərçivəsində, o cümlədən, 2009-cu ildə 15-17 may tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ilə əlaqədar olaraq bir sıra görüşlər və danışıqlar keçirmişdir.

Bu arada, İtaliyanın Udine şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir başa çatmışdır. Çoxnövçülükdə iştirak edən ölkə gimnastı Zeynəb Cavadlı italiyalı idmançı ilə eyni xal toplamış və 4-5-ci yerləri bölüşdürmüşdür.