02 avqust 2024
Bu gün batut gimnastımız Selcan Mahsudova “Paris-2024”də öz çıxışını nümayiş etdirib. Dünyanın ən güclü 16 xanım batutçusu arasında yer alan idmançımız, təəssüf ki, finala vəsiqəni təmin edə bilməyib. Selcan olduqca yüksək səviyyədə hazırlıq nümayiş etdirən rəqiblərlə çox gərgin keçən mübarizədə, təsnifat mərhələsində 2-ci çıxışı zamanı topladığı 53.750 xalla sıralamanın 10-cu pilləsində yer alıb.
Selcan cəmi 10 ildir, ölkəmizdə inkişaf edən batut gimnastikasında ilk və tarixi lisenziyanı ölkəmizə qazandıraraq gimnastika tariximizdə yeni səhifə açdı. Qeyd edək ki, Selcanın rəqibləri arasında Olimpiya Oyunlarının qızıl mükafatçısı, çinli batutçu Zu Şueyinq və Olimpiadanın gümüş və bürünc medal mükafatçısı, B. Britaniya təmsilçisi Brioni Peyc yer alıb. Həmçinin lisenziyaçıların bir çoxunun daha əvvəl Olimpiada təcrübəsi olub, eləcə də Selcan builki lisenziyaçılar arasında ən gəncyaşlılardandır. Yalnız 10 il əvvəl ölkəmizdə inkişaf etməyə başlayan bu idman növündə artıq dünya səhnəsində ən güclülər sırasında yer almağımız Azərbaycan gimnastika məktəbi üçün böyük nailiyyətdir. İnanırıq ki, 20 yaşlı gimnastımızın göstərdiyi əzmkarlıq və səbir gələcəkdə onun üçün daha böyük uğurlara qapı açacaq, başladığı Olimpiya səyahətində ölkəmizə medal sevinci yaşadacaq.