İdman

gimnastikadan

başlayır

ŞAKİR ŞİXƏLİYEV: LONDON SİFARİŞ ETMİSİNİZ? BUYURUN!

12 yanvar 2012

ŞAKİR ŞİXƏLİYEV: LONDON SİFARİŞ ETMİSİNİZ? BUYURUN!

Azərbaycan gimnastı Şakir Şixəliyev bu yay Londonda keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazandı. 21 yaşlı Bakı gimnastı 2012-ci ilin Olimpiadasına  bu qiymətli vəsiqəni elə qarşıdakı Oyunların paytaxtında keçirilən ikinci təsnifat turnirində əldə etdi.
Çoxnövçülükdə 80.532 xal toplaması, ona artıq Olimpiya Oyunlarında öz yerlərini təmin etmiş idmançıların siyahısına daxil olmağı imkan verdi.
Şakir Şixəliyev müstəqil Azərbaycanın tarixində son 20 il ərzində Olimpiadaya bilet qazanmış ilk idman gimnastıdır. Son dəfə ölkəmiz 1992-ci ildə Barselonada Olimpiya Çempionu adına layıq görülmüş Valeri Belenki tərəfindən təmsil olunmuşdur. Təsadüfi deyil ki, Şakir Şıxəliyev artıq üç ildir ki SSRİ-nın əməkdar məşqçisi Anatoli Yarmovski ilə birgə Belenkinin rəhbərliyi altında məşq edir.
“Hədsiz dərəcədə şadam və fəxr edirəm ki, Azərbaycanımı elə burada, amma bu dəfə artıq Olimpiadada təmsil edəcəyəm! Gərgin məşqlərim hədər getmədi və hətta podium məşqləri zamanı hərəkətlərimdəki əsəbilik bu gün qətiyyətlə və yıxılmadan altı alətdə çıxış etməyimə heç bir maneçilik törətmədi. Mənə etimad göstərdikləri üçün Federasiyamızın rəhbərliyinə, məşqçilərimə və mənim üçün həyəcan keçirən və məni dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm”, - deyə Olimpiya lisenziyasının sahibi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə verdiyi ekspress müsahibəsində bildirdi.