30 iyul 2012
Azərbaycan gimnastı Şakir Şıxəliyev Londonda keçirilən Olimpiya Oyunlarında çıxışını başa vurub.
Olimpiya yarışlarının təsnifat mərhələsində altı tapşırığın yekununda 80.364 bal toplayan 21 yaşlı bakılı gimnast 40-cı yeri tutub. Şıxəliyev ən yaxşı nəticəni dayaqlı tullanmada göstərib. Belə ki, hakimlər kollegiyası onu 15.433 bala layiq görüb. Bununla yanaşı, toplanan ballar Şıxəliyevin olimpiya turnirinin finalına çıxmasına imkan verməyib.
Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq ölkə Olimpiadada bu növdə təmsil olunub. Bunadək bakılı Valeri Belenki 1992-ci ildə Barselonada MDB-nin Birləşmiş komandasının tərkibində çıxış edərək komanda hesabında Olimpiya çempionu, çoxnövçülükdə isə bürünc mükafatçı olmuşdu.
Şakirə gəlincə, onun məşqçiləri deyirlər ki, bu növdə nəticənin yaxşılaşdırılması və sabit çıxış üçün 3 əsas amil lazımdır: xarakter, səylə çalışmaq və illər. Başqa tərəfindən, Şıxəliyev London-2012-yə qatılmaqla artıq kiçik qələbə qazandı. Bu, "əsas qələbə deyil, iştirakdır" olimpiya devizinin özü-özlüyündə böyük uğur olmasının tanınmasıdır.