İdman

gimnastikadan

başlayır

Gimnastların bayram çıxışlarının bahar çələngi

19 mart 2016

Gimnastların bayram çıxışlarının bahar çələngi

“Cəngi”, “Cücələrim”, “Çobanlar”, “Nəlbəki” rəqsləri, hamımızın sevdiyimahnılar, “Limanlar”, “Anam”, “Yaşayır insan”, “Azəbaycan” – bu, Novruz Bayramına həsr olunmuş şouda tamaşaçılara bayram çıxışlarından ibarət bahar çələngini təqdim edən “Ocaq Sport” klubunun gənc yetirmələrinin musiqi seçimidir.

İnkişaf edən Azərbaycan gimnastikasının gələcəyi olan 300-dən çox idmançı gimnastika hərəkətlərindən ibarət şən və rəngarəng kompozisiyaları ilə tamaşaçıları sevindirməklə yanaşı, Milli Gimnastika Arenasına (MGA) toplaşan hər kəsi musiqi seçimlərində özünü açıq-aydın büruzə verən vətənpərvərlikləri ilə də düşünməyə vadar etdi.

Gimnastikanın bütün 6 yarış növünün təmsilçiləri, həmçinin eksperimental qrupa daxil olan idmançılar gimnastika ilə məşğul olduqları qısa müddət ərzində öyrəndiklərini göstərməyə tələsirdilər.

Balacalar, yeniyetmələr və gənclərdən ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandaları, həmçinin yeniyetmələrin fərdi proqramında 2016-cı ilin Avropa Çempionatında iştirak etmək üçün seçimdə rəqabət aparan İlahə Məmmədova, Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokina çıxış etməyə hazırlaşan balaca gimnastları xalça üzərinə çıxmaları ilə daha da ruhlandırdılar.

Əlbəttə ki, bu bayram günündə bədii gimnastika üzrə yığma komandanın lideri, Rio-2016 Olimpiya Oyunlarına lisenziya sahibi, eləcə də yetişən bədii gimnastlar nəslinin idealı Marina Durunda da tamaşaçıları öz xüsusi zərifliyi ilə fərqlənən çıxışları ilə sevindirdi. Avropa Çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadə isə xalçada dinamik hərəkət edərək özünəməxsus çıxışlar nümayiş etdirdi.

Xalça üzərində bugünkü bayram balaca uşaqlarla çalışan “Ocaq Sport” klubunun bədii gimnastika üzrə Baş məşqçisi Kamilla Məmmədovanın yorulmaz əməyi sayəsində, yığma komandanın Baş məşqçisi Mariana Vasilevanın rəhbərliyi altında baş tutdu.

Gimnastların çıxışları bitdikdən sonra milli musiqi alətləri davul və zurnanın sədaları altında bütün tamaşaçılar böyük coşqu ilə şənliyin ikinci nəfəsinin açıldığı MGA-nın həyətində qalanmış tonqala doğru yollandılar. Burada isə artıq nəinki gimnastlar, sabahkı bayramın xəyalı ilə yaşayan bütün məşqçilər, valideynlər, Azərbaycan Gimnastika Federasiyasının və MGA-nın əməkdaşları şənləndilər, rəqs etdilər və tonqal üzərindən tullandılar.

Novruz Bayramı ərəfəsində bayram əhval-ruhiyyəsi həm daxildən, həm xaricdən bütün MGA-nı bürümüşdü. Belə ovqatın hər bir ailədə və hər bir evdə olmasını arzulayırıq!!!