27 mart 2012
Azərbaycanın yeniyetmə gimnastları Şərqi Avropa ölkələrində keçirilən beynəlxalq turnirlərdə uğurla çıxış etməyə davam edirlər. Gimnastlar Kiyevdə komanda birinciliyində bürünc medallar qazandıqdan sonra sıra özünü ayrı-ayrı növlərdə göstərməyə gəlib.
İlk uğur Polşanın Qdansk şəhərində qazanılıb. Belə ki, Qdanskda keçirilən 14 yaşlı idmançıların turnirində Gülsüm Şəfizadə çoxnövçülükdə birinci yerə çıxıb. İkinci yeri isə Bakının daha bir gimnastı Nilufər Niftəliyeva tutub.
Qalibin hesabında, həmçinin top və gürzlə hərəkətlərdə qızıl medal, lentlə hərəkətlərdə gümüş medal, halqa ilə tapşırıqda isə bürünc medal var. İkinci gimnastımız isə halqa ilə çıxışda ikinci, gürz və lentlə hərəkətlərdə üçüncü yerə sahib çıxıb.
Azərbaycan bayrağı daha üç dəfə ən yüksəyə qaldırılıb. Buna ölkənin üçüncü iştirakçısı Züleyxa İsmayılovanın (2000-ci il təvəllüdlü) halqa, topla tapşırıqlarda və çoxnövçülükdə qüsursuz çıxışı səbəb olub.
Macarıstandakı yarışlara gəlincə, 12 yaşlı Jalə Piriyeva öz həmyaşıdlarından texniki və artistlik baxımından bir baş yüksək olub. Buna görə də o, qızıl medala layiq görülüb. Mənsurə Bağıyevanın (1997-ci il təvvəllüdlü) isə bəxti daha az gətirib. Çoxnövçülükdə yol verdiyi yeganə səhv onun qızıl medaldan əlini üzməsinə səbəb olub. Nəticədə o, ikinci yerə çıxıb. Yekaterina Prokopenko (1997) dördüncü olub.
"Mən təbii ki, nəticələrdən və xüsusilə, qızların mütəxəssis və tamaşaçılarda yaxşı təəssürat yaratmasından razıyam, - Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva qeyd edib. - Zənnimcə, bu, onları iş prosesində daha çox çalışmağa stimullaşdırmalıdır ki, gimnastlar Rusiyada Avropa çempionatında öz imkanlarını maksimum göstərə bilsinlər", - o deyib.
"Artıq bu həftənin sonunda yeniyetmə gimnastlar Nijnekamskda keçiriləcək "Alina-2012" festivalının seçmə turnirində iştirak edəcəklər. Onlar turnirdə "Kuklalar" kompozisiyasını nümayiş etdirəcəklər. Daha yaşlı idmançılar - Aliyə Qarayeva və qrup komandası Fransaya Qran-pri seriyalı turnirdə iştirak etmək üçün yollanır", - baş məşqçi bildirib.