17 fevral 2018
Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) ofisində Bakıda ilk dəfə Batut gimnastikası, Tamblinq və İkili Mini-Batut üzrə təşkil ediləcək 26-cı Avropa Çempionatının püşkatma mərasimi keçirildi.
Püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) Prezidenti Fərid Qayıbov, UEG-nin Batut gimnastikası üzrə Texniki komitəsinin prezidenti Vladimir Zeman və 6 komitə üzvü Babet Van Veterinq, İrina Karavayeva, Luiş Nunes, Patrik Ziqfred, Mariela Stoyçeva və Konrad Bojakovski, eləcə də AGF rəsmiləri və Yerli Təşkilat Komitəsinin üzvləri iştirak edirdi.
Püşkatma ardıcıllığı prosedurunu izah edən komitə prezidenti V. Zeman qeyd etdi ki, həm böyüklər, həm də gənclər arasında baş tutacaq Çempionata püşkatma 4 kateqoriya – qadınlar və kişilər arasında fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut üzrə keçirilir.
Komitə prezidenti vurğuladı ki, püşkatma zamanı 2016-cı ildə təşkil edilmiş Avropa Çempionatının komanda hesabında nəticələrinə əsasən ölkələr qruplara bölünəcək, daha sonra isə komanda ilə çıxış edən yeni ölkələr və yalnız fərdi çıxış edən gimnastlar əlavə olunacaq.
Ölkələrin adları və onların çıxış edəcəyi qruplar Texniki komitənin üzvü, Batut gimnastikası üzrə qadınlar arasında ilk Olimpiya çempionu İrina Karavayeva tərəfindən səsləndirildi.
Qeyd etmək lazımdır ki, UEG Texniki Komitəsinin üzvləri püşkatma mərasiminin keçirilməsi, həmçinin yarışların təşkili üzrə Yerli Təşkilat Komitəsi ilə müzakirələrin aparılması, o cümlədən yarış zalının Çempionata hazırlığının yoxlanılması məqsədilə artıq 2 gündür ki, Bakıda səfərdədirlər.
Çempionatda böyüklər arasında yarışlarda 25, gənclər proqramında isə 26 ölkədən ümumilikdə 700-ə yaxın gimnastın iştirakı gözlənilir.
Xatırladaq ki, 12-15 aprel tarixlərində baş tutacaq Avropa Çempionatı gənc gimnastlar üçün 2018-ci ildə Buenos Ayresdə (Argentina) keçiriləcək Yeniyetmələr arasında Olimpiya Oyunlarına, böyük gimnastlar üçün isə 2019-cu ildə Minskdə (Belarus) təşkil ediləcək Avropa Oyunlarına təsnifat xarakterli yarışlardır.