11 may 2015
Bu həftəsonu Bolqarıstanın Varna şəhərində yekunlaşan idman gimnastikası üzrə “World Challenge Cup” yarışında Azərbaycan gimnastı Oleq Stepko qızıl medal qazanıb.
Stepko bütün finallara çıxaraq, öz sevimli aləti – parallel qollarda parlaq çıxış nümayiş etdirdi və fəxri birincilik kürsüsünə yüksəldi.
Bundan əlavə, Oleqin hesabına gimnastika atı üzərində və dayaqla tullanma hrəkətlərinə görə iki gümüş medal yazıldı. Turnikdə hərəkətlərinin nəticələrinə əsasən, gimnastımız bürünc mükafatın bir addımlığında dayandı.
Eyni şəhərdə parallel keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda qadın və kişi qrupları, cütlüklər və qarışıq cütlüklər arasında medallar oynanılırdı.
Bu yarışda Azərbaycan akrobatları Elçin Əlibəyov və Emin Gülməmmədli (kişi cütlüyü), Anatoliy Leonov və Uliyana Diakova (qarışıq cütlük), həmçinin Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu təmsil edirdi. Bütün gimnastlarımızın finallara yüksəlməsinə baxmayaraq, əsas mərhələdə onlar medal əldə edə bilmədilər. Əlibəyov və Gülməmmədli qadın qrupumuz kimi 6-cı pillədə, Leonov və Diakova cütlüyü isə 8-ci pillədə qərarlaşdılar.
Dünya Kuboku ilə bərabər Varnada yeniyetmələr arasında akrobatika gimanstikası üzrə beynəlxalq turnir keçirilirdi. Bu turnir Azərbaycan yığmasının hesabına 6 medal qazandırdı. İki qızıl və bir gümüş medalı qarışıq cütlük Ağasif Rəhimov və Nurcan Cabbarlı qazandı. Kişi cütlüyümüz Murad Əkpərov və Seymur Cəfərov uğurlu çıxışlarıyla yadda qalaraq, 3 dəfə bürünc medal qazandılar.
Eyni zamanda Fransanın Klermon-Ferran şəhərində aerobika gimnastikası üzrə beynəlxalq turnir keçirilirdi. Bu yarışda qrup komandamız 3-cü yerdə, qarışıq cütlüyümüz isə (Vera Bosıx – Vldamir Dolmatov) 4-cü yerdə qərarlaşdılar. Digər cütlüyümüz Elçin Məmmədov və Aynur Cabbarlı, həmçinin Dolmatov (fərdi çıxışda) 5-ci yerdə qərarlaşdılar.