İdman

gimnastikadan

başlayır

LOZANNADA KEÇİRİLƏN AVROPA ÇEMPİONATINDA GİMNAST ŞAKİR ŞIXƏLİYEV VƏ MƏŞQÇİ VALERİ BELENKİNİN UĞURLU DEBÜTÜ

11 may 2008

LOZANNADA KEÇİRİLƏN AVROPA ÇEMPİONATINDA GİMNAST ŞAKİR ŞIXƏLİYEV VƏ MƏŞQÇİ VALERİ BELENKİNİN UĞURLU DEBÜTÜ

Əsrlər boyunca mədəniyyətin beşiyi olan və Cenevrə gölünün şimali sahilinin yaxınlığında hündür təpədə yerləşən, dünyanın Olimpiya paytaxtı Lozannada idman gimnastikası üzrə kişilər arasında 28-ci Avropa çempionatı keçirilmişdir.

Yerli xokkey komandasının arenası olan “Hall Malley” idman zalına Köhnə Dünyanın 40 ölkəsindən 300 (senior və yunior) gimnast toplaşmışdı.

Azərbaycanı 1 senior gimnast Səbuhi Aslanov və beynəlxalq meydanda ilk addımlarını atan yunior gimnast Şakir Şıxəliyev təmsil edirdi.

Qeyd etmək lazımdır ki, Şakir Şıxəliyev bütün 6 alətlərdə layiqincə və ən əsası bir dəfə də yıxılmadan çıxış edərək nə özünü, nə də məşqçilərini pis vəziyyətdə qoymadı. Nəticədə, o, çoxnövçülükdə 75,65 xal toplayaraq 140 iştirakçı arasında 47-ci yerdə qərarlaşmışdır. Onun ən yaxşı çıxışı isə dayaqla tullanma oldu – 15.1 xalla 31-ci yer.

- O, bu alətdə finala çıxa bilərdi, - deyə, Şakirin məşqçisi, bu işdə böyük stajı olan Feliks Karasik qeyd etdi. - Minskdə keçirilən toplanışlarda biz bütün tullanma hərəkətlərini, çətin elementləri, salto və vint hərəkətlərini məşq etdirmişdik, lakin onun yalnız 0.3 xalı çatmadı. Şakirin potensialı böyükdür, o, işləmək istəyir, məşqlər zamanı onun gözlərinin necə parıldadığını bir görsəydiniz! Mən əminəm ki, o, tezliklə, yüksək nəticələr göstərəcəkdir, - deyə, Feliks Karasik qeyd etdi.

Yalnız iki alətdə çıxış edən Səbuhi Aslanov da ən yaxşı nəticəni dayaqla tullanmada göstərmişdir -14.775 xalla 65-ci yer.

Lozannada keçirilən Avropa çempionatı, həmçinin, 2 beynəlxalq dərəcəli azərbaycanlı hakim Rza Əliyev və Elşən Əliyevin debütü ilə də yadda qaldı. Onlar həm təsnifat, həm də komanda və individual finalda da hakimlər kollegiyasına daxil olunmuşdular. Avropa və Beynəlxalq federasiyalarının Texniki komitələrinin rəhbərləri çempionatda onların hakimlik zamanı gördükləri işi müsbət giymətləndirdilər.

Qaliblərə gəlincə isə, yuniorlar arasında komanda hesabında Avropa çempionu adına gözlənilmədən Böyük Britaniya gimnastları layiq görülmüşlər. İkinci yeri Rusiya, üçüncü yeri isə Alman komandası tutmuşdur. Qeyd edək ki, burada çalışan bundes məşqçilərdən biri, həmyerlimiz, məşhur Azərbaycan gimnastı, Barselona-92 çempionu Valeri Belenkidir. “İndi mən təkcə gimnast kimi deyil, həm də məşqçi kimi medal sahibi olduğumu deyə bilərəm. Mən çox xoşbəxtəm!”, deyə, bu il 39 yaşını qeyd edən mütəxəssis bildirdi.

Böyüklər arasında komanda hesabında alman gimnastları artıq Avro 2008-in gümüş medallarının qazanmışlar. Qızıl medalı Rusiya, bürünc medalı isə Rumıniya komandası əldə etmişdir.