31 mart 2008
Macarıstanda keçirilən turnirdə Zeynəb Cavadlının dörd medalı və yunior Səidə Abdullayevanın uğurlu debütü, Azərbaycanın qrup komandasının və Anna Qurbanovanın Fransada keçirilən Qran-pri finalında iştirakı, habelə Balakən gimnastları və Dəvəçi akrobatlarının ölkə birinciliklərindəki mükafatları – ötən günlərdə keçirilən yarışların icmalında.
Budapeştdə keçirilən turnirin mükafatlandırma mərasimi zamanı Azərbaycan bayrağı 5 dəfə ucaldılmışdır. Zeynəb Cavadlı üç dəfə gümüş medala layiq görülmüşdür: Macarıstan gimnastı Dora Vassdan sonra, o, halqa ilə (15.292), lentlə (15.175) və çoxnövçülükdə (45.358 xal) ikinci yeri qazanmışdır. O, yalnız gürzlərlə 14.892 xal toplayaraq 3-cü yerə layiq görülmüşdür.
Daha təcrübəli rəfiqəsinin medal qazanma əhval-ruhiyyəsi ilk dəfə beynəlxalq yarışda çıxış edən, hələ çox gənc olan Səidə Abdullayevaya da keçmişdir. Onun təbii həyəcanına zərif bir ip qalib gəldi və 1,5 dəqiqə davam edən həmin çıxış yarışın debütantını bürünc mükafatçıya çevirdi – 22.317 xal.
Azərbaycanın digər yeniyetməsi Samirə Mustafayeva Fransada keçirilən beynəlxalq turnirdə çıxış etdi. Çoxnövçülüyün nəticələrinə görə, o, 17 iştirakçı arasında 5-ci yerdə qərarlaşdı.
Bu turnirlə yanaşı Qran-prinin ikinci mərhələsi keçirilmişdir. Təmsilçilərimiz arasında ən yüksək yerə, iki çıxış üzrə 30.884 xal toplayan (4-cü yer) və İspaniya və Yunanıstanın ənənəvi güclü komandalarını qabaqlayan qrup komandamız layiq görülmüşdür. Ayrı-ayrı finallarda kollektiv iki dəfə beşinci olmuşdur.
Dörd növlə çıxış etdikdən sonra Anna Qurbanova 24 iştirakçı arasında 6-cı yerə layiq görülmüşdür. Finallarda, o, iki dəfə beşinçi və altıncı olmuşdur.
Azərbaycanın dörd idman gimnastı Belarus və Rusiyada keçirilən təlim-məşq toplanışlarına yola düşmüşlər. Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, may ayında keçiriləcək Avropa çempionatına hazırlaşan Şakir Şıxəliyev Minskdə təlim-məşq toplanışlarında iştirak edir. Fərid Ağazadə, Murad Tatlıyev və Mirvaqif Bağırov isə Sankt-Peterburqda məşq edirlər. Onlar ölkədən kənarda olarkən, Bakıda Balakən gimnastlarının iştirakı ilə yadda qalan ölkə birinciliyi keçirilmişdir. Debüt uğurlu oldu: gənclər Mehdi Musayev, Zaur Şeşdərov, İlyas Gəncəyev, həmçinin Günay Məmmədli, Diana Mehdiyeva və Aynur Gəncəyeva öz yaş qrupları üzrə mükafatçılar sırasında oldular. İdman ustaları arasında isə qələbəni MOİK-i təmsil edən Elvin Ağadədəyev qeyd etdi.
Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyində də həmçinin ölkənin bölgələrini təmsil edən idmançılar güclü gimnastların sırasında oldular. Belə ki, Səddam Ömərov, Ağabala Ağayev, Azər Abbasov və Süleyman Həmidovdan ibarət Dəvəçinin kişi qrupu birinci dərəcədə qalib olmuşlar. Ustalar arasında isə ən yaxşı çıxışları Bakı Gimnastika Məktəbini təmsil edən Afaq Məhərrəmova-Pərizad Quliyevadan ibarət qadın cütlüyü və onların klub yoldaşları Faiq Sultanov-Tamara Babakişiyevadan ibarət qarışıq duet nümayiş etdirmişdir.