İdman

gimnastikadan

başlayır

İLİN YEKUNLARI

26 dekabr 2013

İLİN YEKUNLARI

2013-cü ildə Azərbaycanın gimnastika üzrə bütün yığmalarının üzvləri 85 medal qazanıblar. Onlardan 32-si qızıl, 26-sı gümüş, 27-si isə bürüncdür.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən verilən məlumata görə, yeniyetmə qrup komandasının gümüş medalı yeni Olimpiya dövrünün başlanğıcında qazanılmış ən vacib titul hesab edilir. Vyanada keçirilən Avropa çempionatının finalında Nülufər Niftalıyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayeva ikinci yeri tutdular.

Fərdi hesabda qazanılmış mükafatların sayına görə Marina Durunda lider oldu. Onun hesabında dördü qızıl olmaqla 14 medal var. Aliyə Qarayevanın böyük idmandan gedişindən sonra nəsil dəyişikliyi müvəffəqiyyətlə keçdi. Durunda, həmçinin onun komanda yoldaşı Lalə Yusifova Avropa və dünya çempionatlarının finallarında uğurlu çıxışlarla yadda qaldılar.

Gimnastikanın digər növlərinə gəldikdə, gənc gimnastlar Kamran Hacıyev və Anton Yaşin, qadın və kişi akrobat cütlüklər Aynur Hüseynova-Nərmin Ramazanova, Lalə Hüseynova-Xoşqədəm Quliyeva və Elçin Əlibəyov-Emin Gülməmmədli, eləcə də akrobatik cığırda tullanma üzrə mütəxəssis Mixail Malkin sabit olaraq müxtəlif yarışların qalibləri və mükafatçıları olublar.

AGF gimnastikanın daha iki Olimpiya növü olan qadın idman gimnastikası və batut üzrə inkişaf əldə edib. Bu növlər üzrə artıq ilk medallar qazanılıb. Onlardan qızıl mükafatı gimnast Anna Pavlova qazanıb.

Bununla birlikdə, Milli Gimnastika Arenasının tikintisi başa çatır ki, burada gələn il bədii gimnastika üzrə Avropa çempionatı və 2015-ci il Avropa Oyunları keçiriləcək.

Nəhayət, beynəlxalq həyat. Avropa Gimnastika İttifaqının (UEG) rəhbərliyi və Beynəlxalq Gimnastika Federasiyasının (FIG) nümayəndələri Bakıya gəliblər. Paytaxtda FIG Akademiyasının məşqçilərinin 1-ci səviyyəli (2-ci səviyyəli kurs 2014-cü il yanvarın 11-18-də Bakıda keçiriləcək) seminarı keçirilib, Azərbaycan 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatının keçirilməsi hüququ əldə edib, 2009-cu il Avropa çempionatının qadın cütlüyü tərkibindəki qalibi Ayla Əhmədova FIG Atletlər komissiyasının nümayəndə seçilib, AGF nümayəndəsi Mehman Əliyev FIG-in İntizam komissiyasının üzvü, AGF-in baş katibi Fərid Qayıbov UEG-in vitse-prezidenti seçilib.