11 mart 2022
Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının ikinci günü Azərbaycan komandası üçün uğurlu olub.
Məlumat verdiyimiz kimi, gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz 28,270 xalla bürünc medala sahib olub. Qeyd edək ki, bu, Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk medaldır. Qarışıq hərəkətlər proqramında ölkəmizi təmsil edən Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz isə 28.670 xalla 5-ci pillədə qərarlaşıb.
Günün birinci hissəsində həmçinin komanda hesabında qaliblər, eləcə də qarışıq cütlüklər və kişi qrupları üzrə temp hərəkətləri, qadın qrupları arasında balans hərəkətləri proqramları üzrə finalçılar müəyyənləşib.
Komanda hesabı üzrə yarışlarda üç kateqoriya üzrə ən çox – 51 xal yığan Belçika çempionatın qızıl medalına sahib olub. Portuqaliya gimnastları 48 xalla gümüş medal qazanıblar. İlk üçlüyü 46 xalla Böyük Britaniya komandası tamamlayıb.
Temp hərəkətləri üzrə təsnifat mərhələsində ölkəmizi təmsil edən Ağasif Rəhimov və Raziyə Seyidli cütlüyü 29.090 xalla ikinci pillədə yer alaraq finala yüksəlib.
Bu proqramda çıxış edən Sabir Ağayev və Mehriban Salamovadan ibarət digər cütlüyümüz 26,340 xalla doqquzuncu olub.
Qeyd edək ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz, eləcə də Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz sabah temp hərəkətlərində, martın 13-də isə balans hərəkətlərində çıxışlarını nümayiş etdirəcəklər.