06 iyun 2022
İyunun 4-ü və 5-də ilk dəfə olaraq Tərtər Olimpiya İdman Kompleksi öz qapılarını bədii gimnastların üzünə açıb. Bu növ üzrə keçirilən 6-cı Bölgələrarası Kubokda “Zirvə” İK, Sumqayıt OİK, Kürdəmir, Gəncə, Kür, Şirvan, Masallı, Zaqatala, İsmayıllı, Ağdaş, Göyçaydan 31-i fərdi, 4-ü isə qrup komandası olmaqla, ümumilikdə 44 gimnast mübarizəyə qoşulub. İdmançılar fərdi (balacalar - 2012-2014-cü il, yeniyetmələr - 2010-2011-ci il, gənclər - 2007-2009-cu il) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il) çıxış ediblər.
Fərdi gimnastlar çoxnövçülükdə, qrup hərəkətləri proqramında çıxış edən idmançılar isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə öz aralarında qalibləri müəyyənləşdiriblər. Qeyd edək ki, bu, 2022-ci ildə Azərbaycan Gimnastika Federasiyası tərəfindən bölgələrdə keçirilən ikinci yarışdır. Xatırladaq ki, mayın 27-dən 29-dək Şəki Olimpiya İdman Kompleksində ilk dəfə bədii gimnastika üzrə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışı keçirilmişdi.
Ölkəmizin bölgələrində gimnastika yarışlarının təşkili idmançılarının öz peşəkarlıqlarını artırmaları, bölgələrdə idmanın və gimnastikanın inkişafı və kütləviliyin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.