26 dekabr 2015
24 dekabr tarixində Milli Gimnastika Arenasında (MGA) “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin seçki-hesabat xarakterli 6-cı Ümumi Yiğıncağı keçirildi.
Gündəlikdə duran əsas məsələlər gimnastika federasiyasının hazırkı idarə heyətinin yenidən seçilməsi və Azərbaycanda gimnastikanın inkişafının gələcək fəaliyyət planı idi.
Səsvermə nəticələrinə əsasən, ölkənin Birinci xanımı Mehriban Əliyeva yekdilliklə dördüncü dəfə Azərbaycan Gimnastika Federasiyasının Prezidenti seçildi. Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəis müavini Altay Həsənov isə yenidən Vitse-prezident vəzifəsinə seçildi. Səsvermə yolu ilə həmçinin növbəti 5 il müddətinə İcra Komitəsi üzvləri təsdiq olundu - Milli Məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva.
A.Həsənov yığıncaq işirakçıları qarşısında ötən beş il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Hesabatında yenidən seçilmiş Vitse-prezident gimnastikanın bütün 6 yarış növlərində əldə olunan uğurlar, həmçinin ölkə təmsilçilərinin 7-ci qeyri-yarış növünə qatılması haqda danışdı. A.Həsənov 1-ci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin daha üç gimnastika növü – qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikasının yaranması və inkişafı üçün zəmin yaratdığını vurğuladı. Gimnastika təmsilçilərinin Avropa Oyunlarında qazandıqları 7 medal, qitə və Dünya Çempionatlarındakı nəticələr haqqında danışaraq, o, bildirdi: “İdman gimnastımız Oleq Stepko tarixdə Avropa Oyunlarının 5 medalını qazanan yeganə Azərbaycan idmançısı oldu. Onun şəxsi hesabında 1 qızıl, 2 gümüş və 1 bürünc medalı var. Komanda hesabında isə komanda yoldaşları Eldar Səfərov və Petro Paxnyukla birgə 3-cü yerə layiq görüldü. Bədii gimnast Marina Durundanın gümüş və batutçu İlya Qrişuninin bürünc medalı Azərbaycanın gimnastika tarixində yeni səhifə açdı”.
Daha sonra, A.Həsənov Bakıda formalaşmış bədii gimnastika məktəbinin yetirməsi Marina Durundanın və müstəqil Azərbaycanın tarixində kişi idman gimnastikasında ilk dəfə Dünya Çempionatının bürünc medalını əldə etməklə Oleq Stepkonun qarşıdakı 2016-cı ilin Olimpiya Oyunlarına qazandıqları lisenziyaların dəyərindən söhbət açdı.
Qeyri-Olimpiya növlərinə gəlincə isə, A.Həsənov 2015-ci ildə Avropanın Yaş Qrupları Yarışlarında kişi cütlüyü (Seymur Cəfərov – Murad Əkpərov) və qarışıq cütlüyün (Ağasif Rəhimov - Nurcan Cabbarlı), həmçinin, akrobatika gimnastikasının tarixində ilk dəfə müvafiq olaraq gümüş və bürünc medallarını qeyd etdi. Onun sözlərinə görə, aerobika gimnastikası təmsilçilərimiz Avropa Oyunlarında layiqincə çıxış etdi və bir neçə aydan sonra qitə Çempionatının finalında iştirak etdi.
Vitse-prezidentin hesabatında MGA-da yaradılmış şəraitdən təkcə gimnastika növləri üzrə yığma komandaları üzvlərinin deyil, Avropa, Asiya, Afrika, Şimali Amerika qitəsi və hətta Okeaniya zonasının şəhərimizə təlim-məşq toplanışlarına gələn idmançılarının da bəhrələnməsi faktı diqqətəlayiq idi.
Bundan əlavə, A.Həsənov 2014-cü ildə qrup hərəkətləri komandamızın gümüş medala layiq görüldüyü bədii gimnastika üzrə Avropa Çempionatının üçüncü dəfə paytaxtımızda keçirilməsi, Beynəlxalq Gimnastika Federasiyası Akademiyasının ekspertləri tərəfindən 2013 və 2014-cü illərdə bədii gimnastika üzrə məşqçilik kurslarının, o cümlədən yeni gimnastika növləri üzrə beynəlxalq hakimlik kursları və yerli mütəxəssilsərin peşəkar səviyyəsinin artırılması məqsədilə treninqlərin keçirilməsindən danışdı. Vitse-prezident həmçinin qeyd etdi ki, hazırda gimnastika üzrə bölmələr Azərbaycanın 10 bölgəsində fəaliyyət göstərir.
Daha sonra, A.Həsənov bildirdi ki, 5 il ərzində idmançıların əldə etdikləri nəticələrlə yanaşı Azərbaycan Gimnastika Federasiyasının beynəxalq arenadakı mövqeyi də möhkəmlənmişdir. Federasiyanın nümayəndələri Beynəlxalq Gimnastika Federasiyasının şura və komissiyalarına seçilmişdir. O, milli federasiyanın Baş katibi Fərid Qayıbovun 2013-cü ildə Avropa Gimnastika İttifaqına Vitse-prezident seçilməsini xüsusi vurğuladı.
Gələcək planlara toxunaraq, A.Həsənov qeyd etdi ki, gələn il Azərbaycan Gimnastika Federasiyası 3 gimnastika növü üzrə Dünya Kuboku mərhələləri keçirəcək, 2019-cu ildə isə Bakı bədii gimnastika üzrə Dünya Çempionatını qəbul edəcək. Onun sözlərinə görə, paytaxtda digər əhəmiyyətli tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Hesabatı yekunlaşdıraraq, Vitse-prezident göstərilən diqqət, qayğı və gimnastika növlərinin inkişafı üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə xüsusi minnətdarlığını bildirdi və fürsətdən istifadə edib Prezidenti ad günü münasibətilə təbrik etdi. O, daimi dəstəyə və müdrik məsləhətləri sayəsində inkişafın müxtəlif mərhələlərində qaçılmaz olan cətinliklərin aradan qaldırılmasına görə Mehriban xanım Əliyevaya təşəkkürünü ifadə etdi.
Sonra isə federasiyanın maliyyə diektorunun hesabatı dinlənildi və 1-ci Avropa Oyunlarında, qitə və Dünya Çempionatlarında əldə etdikləri nəticələrə görə fərqlənmiş bir qrup gimnast və məşqçilər xatirə medalları ilə təltif olundular.
Yığıncağın sonunda söz gimnastika federasiyası daxilində fəaliyyət göstərən Veteranlar Şurasının sədri – Arif Quliyevə, Milli Məclisin deputatı, İcra Komitəsinin üzvü – Rauf Əliyevə, Yaş Qrupları arasında Avropa Yarışlarının gümüş medalçısı – Seymur Cəfərova, həmçinin bədii gimnastika üzrə yığma komandanın Baş məşqçisi Mariana Vasilevaya verildi.
Çıxışlar ölkə Prezidenti cənab İlham Əliyev, federasiya Prezidenti Mehriban xanım Əliyeva başda olmaqla onun rəhbərliyi ünvanına deyilən səmimi minnətdarlıq hissi ilə yadda qaldı. A.Quliyev yığıncağın yüksək təşkilini qeyd edərək, gimnastika veteranlarının hər birinə göstərilən diqqət və qayğıyı üçün federasiya rəhbərliyinə təşəkkür etdi. R. Əliyev, cənab İlham Əliyevə ölkə gənclərinin ixtiyarında olan idman qurğularına görə öz minnətdarlığını bildirdi. S. Cəfərov dedi: “Məhz bu idman növü ilə məşğul olmağıma, hər bir idmançının arzu etdiyi şəraitdən istifadə etdiyimə və gündəlik məşqlərimdə Mehriban xanım Əliyevanın qayğısını hiss etdiyimə görə çox xoşbəxtəm”. M. Vasileva isə Azərbaycanın Birinci xanımına onun məşqçi və şəxsiyyət kimi inkişaf etməsi üçün verilmiş imkana görə öz təşəkkürünü bildirdi. O, həmçinin xüsusilə vurğuladı ki, 7 il ərzində onlara göstərilən etimad və yaradılmış şərait nəticəsində bədii gimnastika ölkədə qızların ən sevimli idman növünə çevrilib.
Azərbaycan Gimnastika Federasiyasının kollektivi bütün yığıncaq iştirakçılarına öz minnətdarlığını bildirir və onun Prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün rəhbərliyini təbrik edir və Azərbaycanda gimnastikanın inkişafı istiqamətində yorulmaq bilməyən fəaliyyətində uğurlar arzulayır.