01 oktyabr 2012
Azərbaycanın 15 yaşlı gimnastı Marina Durunda komanda üzrə yuxarı yaşda olan rəfiqələri Aliyə Qarayeva və Lalə Yusifova ilə birgə Yaponiyanın paytaxtı Tokioda başa çatan dünya klub çempionatı üçün "Neftçi" kollektivinin üçlüyünü təşkil edib.
O medal qazanmasa da, klubun yekunda 5-ci yeri tutmasında az xidmətləri olmayıb. Durundanın özü "Tokyo Gymnasium Metropolitain"i doldurmuş yapon tamaşaçıların sürəkli alqışları altında finalda yeniyetmələr arasında 4-cü yeri tutub. Medalları Belarus, Rusiya və Ukrayna gimnastları öz aralarında bölüşüblər.
"Finalda halqanı itirməsi yetirməmin fəxri kürsüyə çıxmasına mane oldu. Lakin əminəm ki, o, gələcəkdə daha yaxşı çıxış biləcək və biz buna cəhd edəcəyik. Digər tərəfdən, səkkiz iştirakçı arasında finala çıxa bilən Yusifovaya (8-ci yer) görə çox şadam. Nəticədə, həlledici mərhələdə iki nümayəndəyə yalnız Rusiya, Belarus və Azərbaycan malik idi", ölkə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.
Komandanın lideri Qarayevaya gəldikdə, o, komandada olduğu kimi, öz çıxışını 5-ci yerdə başa vurub. Bu yarışın qalibi London Olimpiadasının vitse-çempionu rusiyalı Darya Dmitriyeva olub.
Yaxın həftəsonu gimnastika yarışları ilə zəngin olacaq. Yusifova və Durunda İtaliyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər.