19 oktyabr 2017
Bu gün Polşanın Jeşuv şəhərində Akrobatika Gimnastikası üzrə 28-ci Avropa Çempionatı (19-22 oktyabr) start götürüb.
Yarışların ilk gününü Azərbaycan yığma komandası üçün artıq uğurlu hesab etmək olar. Belə ki, ölkəmizi təmsil etmək üçün Jeşuva yollanmış hər iki qarışıq cütlüyümüz – Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı “yunior” komandalar arasında balans proqramı üzrə finala vəsiqə qazanmağı bacarıblar. Lakin, final mərhələsində hər ölkədən yalnız bir cütlüyün iştirakı mümkün olduğundan, məsuliyyətli vəzifəni icra etmək Ağasif və Nurcan cütlüyünün üzərinə düşüb. Həlledici mərhələdə akrobatlarımız onlara olan ümidləri layiqincə doğruldaraq, 27.900 xalla Qitə Çempionatının bürünc medalına nail olublar.
Sabah isə hər iki cütlüyümüz növbəti iki final mərhələsi üçün mübarizəyə qoşulacaqlar. Temp proqramında yarışacaq gimnastlar öz aralarında məhz bu proqram üzrə turnirin son günü baş tutacaq final mərhələsinə vəsiqə qazanan cütlükləri, həmçinin iki proqram üzrə (balans və temp) xalların cəmindən asılı olaraq çoxnövçülükdə də finalçıları müəyyənləşdirəcəklər.