İdman

gimnastikadan

başlayır

Avropa Çempionatının ilk günü və qrup komandamız finalı təmin etdi

17 may 2019

Avropa Çempionatının ilk günü və qrup komandamız finalı təmin etdi

Bu gün, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatına start verilib.

İştirakçı ölkələrin bayraqlarının təqdimatı ilə başlayan açılış mərasimində, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov açılış sözü ilə çıxış edərək, bütün qonaqları salamlayıb. Yarışda mübarizə aparacaq bütün gimnastlara uğurlar arzulayan F. Qayıbov, çempionatı açıq elan etdi və ardıyca sevilən müğənnimiz Sevda Ələkbərzadə Dövlət Himnimizi səsləndirdi.

Daha sonra isə mərasimin bədii hissəsinə keçid alınıb. Hər zaman fərqli ssenarilərlə tamaşaçılara möhtəşəm şou təqdim edən Təşkilat Komitəsi, bu dəfə Su və Alov adamlarının mübarizəsində Avropa Çempionatının 8 dəst medalını əks etdirdilər. Ssenariyə əsasən Su və Alov qardaşları bir oyun oynayırlar. Bu oyun zamanı Su adam qardaşına qalib gələrək, 8 medal qazanır. Qəzəblənən Alov adam isə qardaşını insanların dünyasına qovur.

İnsanların dünyasında Su adam super qəhrəmanların komandası ilə tanış olur. Bu qəhrəmanlar ona öz dünyasına qayıtmağa və qardaşının ordusuna qalib gəlməyə kömək edirlər.

Bu yaxşılığın qarşılığında Su adam qazandığı medalları intiqam almaqda ona kömək edən bütün döyüşçülərə paylayır, sonuncu medalı isə sülh və dostluq əlaməti olaraq, öz qardaşına – Alov adama verir.

Bununla da dinamik musiqilər, əsrarəngiz işıq effektlərinin müşaiyəti ilə bədii hissəyə yekun vurulur. Açılış mərasiminin ssenari müəllifi, bədii gimnastika üzrə milli komandanın Baş məşqçisi Mariana Vasilevanın başçılığı ilə, şounun qəhrəmanlarını yüksək peşəkarlıqla xoreoqraflar Kamil Quliyev, Ruslan Eyvazov, Orxan Muradov, Akif Kərimli, Sənan Mahmudlu, Ayxan  Əhmədli, Nərgiz Məmmədova, İldırım Məmmədov, həmçinin bədii gimnastika, idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə yığma komandalarımızın gimnastları canlandırdılar.

Daha sonra meydança yeniyetmələrdən ibarət qrup komandalarına təhvil verilib. Ən yüksək xal almaq uğrunda bir-biriləri yarışan 20 komanda, xalça üzərində 5 halqa ilə öz kompzosiyalarını təqdim ediblər.

Ölkəmizi qrup yarışlarında təmsil edən, Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadə 5 halqa ilə çıxışlarına görə 21.650 xal alaraq, çempionatın ilk günü finala vəsiqəni təmin ediblər. Gimnastlarımızın növbəti təsnifat çıxışları 18 may tarixində 5 lent ilə olacaq.

Sabah isə çempionatda mübarizəyə fərdi proqramda çıxış edən böyük gimnastlar qoşulacaqlar. Ölkəmizi bu proqramda Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcəklər.