13 yanvar 2014
Bu yaxınlarda növbəti dəfə mütləq ölkə çempionu olan Şakir Şıxəliyev dəfələrlə Olimpiya çempionu olmuş Larisa Latınina mükafatı uğrunda Rusiyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb! Azərbaycan gimnastı sərbəst hərəkətini yerinə yetirilməsində ikinci yeri tutmuş ukraynalı idmançıdan və podiuma çıxmış digər altı idmançıdan daha yaxşı kombinasiyalar və mürəkkəb hərəkətlər nümayiş etdirib.
Şıxəliyevin komanda yoldaşı Uğur Xəlilbəyli də mükafata ciddi iddiaçı idi. Nəticədə heç də asan olmayan proqram ona bürünc mükafatı, Azərbaycan komandasına isə bir finalda ikinci medalı gətirib.
Əgər Londonda Olimpiya Oyunlarının iştirakçısı, beynəlxalq yarışların mükafatçısı, bir sözlə, təcrübəli gimnast Şıxəliyevə artıq fəxri kürsüdə dayanmaq nəsib olmuşdusa, Xəlilbəyli üçün bu mükafat, necə deyərlər, "ilk qaranquş" oldu.
Milli komandanın baş məşqçisi, ukraynalı mütəxəssis Yevgeni Moskvin turnirin nəticələrindən razı qalıb: "Lakin Eldar Səfərov və yeniyetmə Kamran Hacıyevin çoxnövçülükdə müxtəlif alətlərdə çıxışları idealdan çox uzaqdır. Bazanı möhkəmləndirəcək, yeni elementlər üzərində çalışacaq, həmçinin idmançıları turnirlərə psixoloji baxımdan hazırlayacağıq. Artıq mart ayından vacib çıxışlar başlayacaq. Bunlar Almaniya və Qətərdə keçiriləcək Dünya kuboklarıdır, eləcə də Ukraynada güclü yarış gözlənilir. Həmçinin, Bolqarıstanda may ayında keçiriləcək Avropa çempionatınadək hazırlığımızı toplanışlarla gücləndirəcəyik, ən əsası isə zədələrin olmamasıdır".