İdman

gimnastikadan

başlayır

Bədii gimnastika üzrə Dünya Çempionatının loqosu təsdiqləndi

03 fevral 2019

Bədii gimnastika üzrə Dünya Çempionatının loqosu təsdiqləndi

Xəbər verildiyi kimi, Bakı 2019-cu ildə gimnastika yarışlarının mərkəzi şəhərlərindən birinə çevriləcək. Belə ki, bu il gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa çempionatı və nəhayət 1 dünya çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub.

Kuboklardan batut (16-17 fevral) və idman gimnastikası (14-17 mart), çempionatlardan isə bədii gimnastika üzrə Dünya Çempionatının (16-22 sentyabr) əsas özəlliyi Tokio Olimpiya Oyunları 2020-ə  lisenziya xarakteri daşımasıdır.

Yeri gəlmişkən, ilin ilk kubokunda medallar və lisenziya xalları uğrunda mübarizə aparacaq ən güclü batutçuların adları artıq məlumdur. İdman gimnastikasında isə fevral ayının ortalarında siyahının açıqlanacağı gözlənilir . 

Bütün bu turnirlərə paralel gedən hazırlıq mərhələsində bədii gimnastika üzrə dünya çempionatının loqosu da artıq təsdiqlənib.

Bənövşəyi, qızılı və qırmızı rənglərin qarışıq tonları ilə qadın incəliyinin vurğulandığı loqoda, əsas alət kimi lent seçilib. Bədii gimnastikanın ən sevilən alətlərindən olan lentin möhtəşəmliyi bu çempionatda gimnastlara dünya arenasını fəth etməyə ilham verəcəyi ən incə detallarla logoda ifadə olunub.

Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının iştirakçılarına isti və əlvan rənglərin ahəngliyi ilə müsbət enerjinin ötürüləcəyinə inanan yarışın təşkilatçıları, məhz bu maraqlı kompozisiyanı ərsəyə gətirməklə, sentyabr ayında dünya gimnastika ulduzlarını ən yüksək abu-havada qarşılayacaqlar.  

Odur ki, Milli Gimnastika Arenasında ən maraqlı və həyəcanlı gimnastika yarışlarını izləməyə hazır olun.