İdman

gimnastikadan

başlayır

ƏN ƏSASI ÖZÜNƏ QALİB GƏLMƏKDİR, BELƏ OLAN HALDA UĞUR ƏLDƏ OLUNACAQ!

19 may 2008

ƏN ƏSASI ÖZÜNƏ QALİB GƏLMƏKDİR, BELƏ OLAN HALDA UĞUR ƏLDƏ OLUNACAQ!

Azərbaycan gimnastı Anna Qurbanova Minskdə keçirilən Dünya Kuboku mərhələsində 8-ci yerə layiq görülmüşdür.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətinin verdiyi məlumata görə, bu nəticəni, o, final çıxışında halqa ilə hərəkətlərdə göstərmişdir – 16.75 xal. Çoxnövçülükdə Qurbanova 9-cu yerdə qərarlaşmışdır – 67.325 xal. Olqa Kapranova (Rusiya), Anna Bessonova (Ukrayna) və İnna Jukova (Belarus) qalib elan olunmuşlar.

İyunda keçiriləcək Avropa çempionatından əvvəl sonuncu turnir İsrailin Holon şəhərində keçiriləcək Qran-Pri yarışları olacaq (23-25 may). Anna Qurbanova ilə birgə İsrailə milli yığmanın digər gimnastları, habelə açıq yoxlama məşqi keçirmiş Azərbaycanın qrup komandası da yola düşəcəkdir.

Kollektivin rəhbəri bolqar mütəxəssisi Mariana Vasileva həm kompozisiyanın quruluşunu, həm də onun musiqi müşayiətini dəyişərək, 5 iplə olan ilk çıxışı yenidən nəzərdən keçirmişdir. Onun fikrincə, yeni quruluş həm tamaşaçıların, həm də Pekində keçiriləcək Olimpiya Oyunları zamanı çıxışları qiymətləndiricək hakimlərin də xoşuna gəlməlidir.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov həm çıxışlarda, həm də gimnastların gözlərində bir parıltı olduğunu qeyd etdi. “Bu yay həm Avropa çempionatı, həm də Olimpiadada, bu iki məsuliyyətli turnirlərdə layiqincə çıxış etmək üçün xüsusilə hazırlıqlı olmalısınız. Birinci növbədə, özünüzə qalib gəlməlisiniz və belə olan halda uğur əldə olunacaq”, deyə, vitse-prezident qeyd etdi.

Bu arada, Olimpiadanın gimnastika üzrə püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən, Pekində 21 avqust tarixində çoxnövçülüyün təsnifat yarışlarında 12 qrup arasında Azərbaycanın qrup komandası 5 iplə hərəkətləri sıra ilə 8-ci nümayiş etdirəcəkdir. Ertəsi gün isə, 3 halqa/4 gürzlə kompozisiyanı qrupumuz artıq ikinci nümayiş etdirəcəkdir.

Hər iki individual gimnast Aliyə Qarayeva və Dinarə Gimatova Çində çoxnövçülüyün təsnifatında öz çıxışlarına 24 iştirakçı arasında 8 və 12 sıra nömrəsi ilə avqustun 21-də başlayacaqlar. Ertəsi gün isə gürzlərlə son çıxışda gimnastlarımız 20-ci və 24-cü çıxış edəcəklər.

Və sonda. 17 may tarixində Bakı Əyləncə Mərkəzində Azərbaycanın NETTY-2008 adlı Milli internet mükafatının təntənəli mərasimi keçirilmişdir. NETTY-nin akademikləri 14 nominasiya üzrə cari ilin ən yaxşı veb-saytlarını rəsmi surətdə açıqlamışlar. Fərəhləndirici haldır ki, “İdman” nominasiyasında Azərbaycan Gimnastika Federasiyasının saytı www.agf.az Kubok və sertifikat alaraq birinci yerə layiq görülmüşdür.