Yola saldığımız 2017-ci il Azərbaycan Gimnastika Federasiyası üçün bir çox əlamətdar hadisələr və mühüm tədbirlərlə yadda qaldı.
Cari ilin əvvəlində ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik Kursları, ardınca isə FIG-nin bədii gimnastika və kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına ev sahibliyi etdik. Bu və digər beynəlxalq hakimlik kurslarında Azərbaycan təmsilçiləri də uğurla iştirak edərək, müxtəlif hakimlik kateqoriyalarına yiyələndilər. Qeyd etməyə dəyər ki, hazırda ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq dərəcəli hakimləri var. Onlardan Rza Əliyev Azərbaycan Gimnastika tarixində ən yüksək - 1-ci dərəcəli beynəlxalq kateqoriyaya sahiblənən ilk hakimdir. Digər hakimimiz Kamil Quliyev isə bu ilin batut gimnastikası üzrə Dünya Çempionatında ilk Azərbaycan hakimi olaraq çıxışların qiymətləndirilməsində iştirak etmişdir.
Ötən il olduğu kimi Azərbaycan Gimnastika Federasiyası 2017-ci ildə də gimnastikanın 3 növü üzrə Dünya Kuboku mərhələlərini yüksək səviyyədə təşkil etdi. Bu il Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku, ardınca isə növbəti beynəlxalq turnir - Kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi uğurla baş tutdu. Son olaraq isə Bədii gimnastika üzrə Dünya Kuboku mərhələsinə ev sahibliyi etdik.
Kubokların ardınca, Bakıda FIG Şura iclası keçirildi. Həmin Şura çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının Prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olundu.
Daha sonra paytaxtımız ilk dəfə olaraq IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bu oyunların proqramına ilk dəfə daxil edilmiş gimnastika yarışlarında bədii gimnastika üzrə təmsilçilərimiz ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medal, idman gimnastlarımız isə 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazandılar.
2017-ci ildə gimnastika növləri üzrə yığma komandalarımızın beynəlxalq turnirlərdə qazandıqları 96 medaldan (34 qızıl, 32 gümüş və 30 bürünc) ən mühümləri gimnastika tariximizdə ilk dəfə olaraq Batut gimnastikası və tamblinq üzrə 25-ci Dünya Yaş Qrupu Yarışlarında tamblinqçimiz Mixail Malkinin qızıl medalı və akrobatika gimnastikasında qarışıq cütlüklərimizin (Ağasif Rəhimov-Nurcan Cabbarlı, Abdulla Əl Məşayxi-Ruhidil Qurbanlı) Avropa Çempionatında gənclər arasında əldə etdikləri 3 bürünc medal oldu.
İlin önəmli hadisələrindən biri də, Azərbaycan Gimnastika Federasiyasının 3-cü dəfə FIG tərəfindən “Fərqlənən” federasiyaların reytinq siyahısına daxil olması idi. Bununla da milli federasiyamızın fəaliyyətinin yüksək qiymətləndirilməsi beynəlxalq arenadakı nüfuzumuzu bir daha təsdiq etdi.
2017-ci ilin ən mühüm xəbəri isə elə məhz dekabr ayına təsadüf etdi. Belə ki, Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci Konqresi çərçivəsində keçirilən prezident seçkilərində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçildi. Bu münasibət ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fərid Qayıbovu təbrik edərək, ona gələcək işlərində uğurlar arzuladılar.
Daha sonra F. Qayıbov yeni vəzifəsi ilə əlaqədar olaraq, AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq, AGF-nin Baş katibi vəzifəsindən istefa verdi və bu vəzifəyə federasiyanın Baş katibinin müavini vəzifəsində çalışan Nurlana Məmmədzadə seçildi.
Hər il olduğu kimi bu dəfə də federasiya yeni il ərəfəsində bütün gimnastika sevərləri yenidən bir araya topladı. Gimnast və məşçilərin iştirakı ilə baş tutan “Evdə tək” adlı möhtəşəm bayram şousu bütün tamaşaçılara əyləncəli anlar yaşatdı.
Dekabr ayının son həftəsində isə federasiyanın 15 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaq təşkil edildi. Yığıncaqda gimnastika sahəsində nailiyyətlərinə və xidmətlərinə görə fərqlənən bir sıra şəxslərə xatirə medalları təqdim olundu və bununla da AGF 2017-ci ilə yekun vurdu.
Azərbaycan Gimnastika Federasiyası Sizi 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edir!
Bizimlə bərabər olduğunuz üçün Sizə təşəkkür edirik!