İdman

gimnastikadan

başlayır

Tamblinqçilərin yarışı sona çatdı

21 sentyabr 2018

Tamblinqçilərin yarışı sona çatdı

Bu gün, Bakı Gimnastika Məktəbində tamblinq üzrə 16-cı Azərbaycan Çempionatı və Bakı Birinciliyi baş tutub.

Yarış iştirakçıları balacalar (2009-2011), yeniyetmələr (2005-2008), gənclər (2002-2004) və böyüklər (2001 və daha böyük) yaş kateqoriyasında mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdiriblər.

Belə ki, balacalar yaş kateqoriyasında qadınlar arasında birinciliyi Məryəm Əhədova, kişilər arasında isə Rəsul Rəhimli bayram ediblər.

Yeniyetmələrin yarışında isə Azərbaycan çempionu adını qadınlardan Zeynəb Qasımlı, kişilərdən isə Adil Hacızadə qazanıb.

Gənclər yaş kateqoriyasında mübarizə aparan kişi tamblinqçilərdən ən yüksək xalla Tofiq Əliyev fərqlənərək, çempionluğu əldə edib.

Böyüklər yaş kateqoriyasında isə Mixail Malkin (2018-ci ilin Avropa çempionu) yeganə təmsilçi olduğundan o, yenidən Azərbaycan Çempionu tituluna sahiblənib.

Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın internet səhifəsindən http://agf.az/az/competitions/information/176 tanış ola bilərsiniz.

Xatırladaq ki, 26 və 27 sentyabr tarixlərində Ocaq Sport Klubu 1-in zalında Akrobatika gimnastikası üzrə 25-ci Azərbaycan və Bakı Birinciliyi, Batut gimnastikası üzrə isə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi təşkil olunacaq.