İdman

gimnastikadan

başlayır

Dünya Çempionatının mükafatçısı Arzu Cəlilova “SmartScoring” şirkətinin rəsmi səfiri seçildi

29 noyabr 2019

Dünya Çempionatının mükafatçısı Arzu Cəlilova “SmartScoring” şirkətinin rəsmi səfiri seçildi

Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvü, gənclər arasında Dünya Çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova “SmartScoring” milli brendinin rəsmi səfiri seçilmişdir.

Məhz Arzunun, fəaliyyətinə idman yarışları zamanı bir sıra xidmətlərlə yanaşı xalların hesablanması və xronometraj daxil olan “SmartScoring” şirkətinin səfiri seçilməsi təsadüfi deyil. Belə ki, gənc gimnast 2018-ci ildə İspaniyada baş tutmuş Avropa Çempionatının gənclər arasında bürünc (top) medalçısı, bu ilin iyul ayında Rusiyada keçirilmiş gənclər arasında ilk Dünya Çempionatının gümüş (top) və bürünc (ip) medalçısıdır. İstedadlı gimnast, həm də bir beynəlxalq turnir və yarışların qalibi və mükafatçısıdır.

Səfir seçilməsi ilə bağlı 16 yaşlı Arzu bildirib ki: “Çox şadam ki, “SmartScoring” kimi bir şirkətin səfiri seçilmişəm. Mənə göstərilmiş etimada görə onlara minnətdaram. “SmartScoring” şirkəti həm Azərbaycanda, həm də digər ölkələrdə çoxsaylı idman yarışları zamanı xidmətlərin göstərilməsində böyük təcrübəyə malikdir. Onlara gələcək fəaliyyətlərində də uğurlar arzulayıram.”

“SmartScoring”in idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərir. Şirkətin fəaliyyətinə sistemin tərkib hissəsini təşkil edən və beynəlxalq səviyyədə yarışların keçirilməsində başlıca tələblərdən biri olan video nəzarəti də daxildir. 

Şirkətin direktoru Kamran Ramazanovun fikrincə gənc və perspektivli idmançı axtarışında onlar düzgün seçimi ediblər: “Arzu belə gənc yaşda olmasına baxmayaraq həm Avropa Çempionatının medalçısıdır, həm də Dünya Çempionatının ikiqat mükafatçısıdır. Ona seçdiyi yolda daha da böyük uğurlar arzulayırıq. Ümid edirik ki, əməkdaşlığımız uzunmüddətli olacaq.”

“SmartScoring” artıq idman yarışları zamanı xidmətlərin göstərilməsində böyük təcrübəyə malikdir. Belə ki, komanda ölkəmizdə təşkil edilmiş batut, idman gimnastikası və bədii gimnastika üzrə keçirilən Dünya Kuboku yarışlarını, bədii və aerobika gimnastikası üzrə Avropa Çempionatlarını, həmçinin bir sıra milli turnirləri xalların hesablanması sistemi və video nəzarəti xidməti ilə uğurla təmin etmişdir. Şirkət ölkədən kənarda da uğurla fəaliyyət göstərir. “SmartScoring” komandası Avropa Gimnastika İttifaqının rəsmi tərəfdaşıdır və çoxsaylı Avropa Çempionatları, 2-ci Avropa Oyunları və bir sıra yarışlarda peşəkar xidmətlər göstərib.