04 aprel 2016
Həftəsonu İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya Kuboku və yeniyetmələr arasında beynəlxalq turnir keçirildi.
Dünya Kubokunda Azərbaycan həm qrup hərəkətləri komandası ilə, həm də fərdi çıxış proqramında təmsil olundu.
Çoxnövçülükdə 6-cı yeri qazanan Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət olan qrup hərəkətləri komandası hər iki finala vəsiqə qazandı. Finalda, qızlar 3 cüt gürz və 2 halqa ilə 7-ci və 5 lentlə isə 8-ci oldular.
Fərdi çıxış proqramında Marina Durunda finalda gürzlə çıxış edərək, 6-cı yeri tutdu.
Yeniyetmələr arasında beynəlxalq turnirdə Azərbaycanı Zöhrə Ağamirova, İlahə Məmmədova və Veronika Hudis təmsil etdilər.
Gürzlə final çıxışında medalın bir addımlığında dayanan Zöhrə Ağamirova ən yaxşı nəticəni göstərdi. Təsnifat mərhələsinin nəticələrinə görə, İlahə Məmmədova bu alət üzrə öz yerini qaydalara əsasən finalda hər ölkədən yalnız bir idmançının iştirakı mümkün olduğundan, Ukraynadan olan gimnasta verməli oldu.
Veronika Hudis də iplə final mərhələsinə vəsiqə qazanaraq, 7-ci yerdə qərarlaşdı.