İdman

gimnastikadan

başlayır

VOLQA ÇAYININ SAHİLİNDƏ DÜNYA KUBOKU YARIŞLARI

23 avqust 2015

VOLQA ÇAYININ SAHİLİNDƏ DÜNYA KUBOKU YARIŞLARI

İki həftədən sonra Ştutqart (Almaniya) şəhərində start götürəcək ilin əsas yarışı - Dünya Çempionatına istiqamət alan bədii gimnastların karvanı, hazırda Volqa çayının sahilindədir. Rusiyanın Kazan şəhərində cari ilin sonuncu Dünya Kuboku mərhələsi keçirilir.

Fərdi çoxnövçülük yarışlarının nəticələrinə əsasən, 2015-ci ilin Bədii Gimnastika üzrə Avropa Çempionatında uğurla debüt edən və Dünya Kubokunda gücünü sınamaq qərarına gələn Azərbaycan gimnastı Ayşən Bayramova, 26-cı yerdə qərarlaşdı. Digər gimnastımız Gülsüm Şəfizadə 33-cü oldu.

Təəssüflər olsun ki, Azərbaycanın qrup hərəkətləri komandası çoxnövçülük yarışında mübarizəsini, qrup üzvlərindən birinin aldığı zədəyə görə başa çatdıra bilmədi.

Dünya Çempionatına qalmış növbəti 2 həftə ərzində Ayşən, Gülsüm, həmçinin Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət kollektivi intensiv məşqlərin sonuncu mərhələsi gözləyir. Bu mərhələ komandanın lideri Marina Durunda üçün isə Sofiyadakı Dünya Kubokundan qayıtdıqdan dərhal sonra başlanıb.