19 avqust 2013
Marina Durunda hər dörd finala çıxıb və iştirak edib. Onun əldə etdiyi ən yaxşı nəticə lentlə olan hərəkətlərdə olub ki, burada gimnastımız 5-ci yeri tutub. Gimnastımız üçüncü yeri tutan idmançıdan 0.4 bal az toplayıb. Çoxnövçülük yarışlarında isə Marina 54 idmançı arasında 6-cı yeri tutub.
Digər gimnastımız Lalə Yusifova öz komanda yoldaşından iki pillə aşağıda yer tutub. Topla olan tapşırıqlarda Yusifova finala çıxsa da, bu mərhələdə mükafatçılar siyahısına düşə bilməyib.
Qrup hərəkətləri üzrə komandamız 3 top və 2 lentlə olan tapşırıqlarda 8-ci yeri tutub. Çoxnövçülük üzrə tapşırıqlarda isə Səbinə Qaratova, Səbinə Abbasova, Mənsurə Bağıyeva, Aliyə Paşayeva, Siyana Vasileva və İradə Əhədzadə 24 kollektiv arasında analoji nəticəni göstəriblər.
Milli komandanın məşqçilər qərargahı gimnastların çıxışlarından razı qalıb. Milli komandanın baş məşqçisi Marina Vasileva açıqlamasında bildirib: "İki aylıq səssizlikdən sonra idmançılarımız ukraynalı gimnastlar istisna olmaqla adlı-sanlı rəqibləri ilə finala çıxmaqla özlərini göstərdilər. Lakin artıq bizim fikirlərimiz Kiyevdədir. Dünya çempionatının başlamasına elə də çox qalmayıb - bir həftədən bir az çox. Ona görə də Sankt-Peterburqda buraxdığımız səhvləri düzəldəcəyik".