19 mart 2014
13-15 iyun tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatında iştirak etmək üçün 33 ölkə son sifariş formalarını göndərmişdir. Bunlar - Andorra, Avstriya, Belçika, Belarus, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, İspaniya, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İsrail, İtaliya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sloveniya, Serbiya, İsveçrə, Slovakiya, Türkiyə, Ukrayna və əlbəttə ki, Azərbaycandır. Bu barədə məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə Lozanna şəhərində yerləşən Avropa Gimnastika İttifaqının katibliyi vermişdir. Onlardan 32 ölkənin gimnastları yeniyetmələr arasında fərdi turnirdə, Avropanın 21 komandası isə böyüklərdən ibarət qrup hərəkətləri kollektivləri ilə öz güclərini sınayacaqlar. Daha dəqiq desək, hər bir ölkə 1 ehtiyat gimnastı olmaqla, 4 fərdi yeniyetmə gimnast və bir qrup hərəkətləri komandası ilə təmsil oluna bilər. Nəhayət, 2013-cü ildə Vyanada keçirilən Avropa Çempionatının nəticələrinə əsasən ən yaxşı 20 gimnast Olimpiya proqramına daxil olan çoxnövçülükdə qitə çempionunu müəyyən edəcəklər.
Ümumilikdə isə Bakıda 258 gimnast 9 dəst mükafat uğrunda yarışacaq. Avro-2014-ün qrafikinə əsasən, çempionatın ilk günü (13 iyun) yeniyetmə gimnastların halqa və topla təsnifat yarışları, rəngarəng açılış mərasimi təşkil olunacaq və qrup hərəkətləri komandaları arasında iki çıxışın nəticəsinə görə Avropa Çempionu müəyyən olunacaq.
Yarışların ikinci günü (14 iyun) yeniyetmə gimnastların gürzlər və lentlə çıxışlarından sonra, onlar komanda hesabında Avropa Çempionunu müəyyən edəcək, həmçinin daha böyük gimnastlar arasında çoxnövçülük üzrə final mərhələsi keçiriləcək.
Yarışların son günü, Milli Qurtuluş Günündə (15 iyun) yeniyetmələr və qrup komandaları arasında ayrı-ayrı növlər üzrə final mərhələləri, həmçinin bağlanış mərasimi və Avropa gimnastika ulduzlarının iştirakı ilə Qala-konsert təşkil olunacaq.
Mətbuat xidmətinin verdiyi daha bir məlumata əsasən, 3-6 aprel tarixlərində Avropa Gimnastika İttifaqının bədii gimnastika üzrə Texniki Komitəsinin üzvləri Bakıda səfərdə olacaqlar. Onlar 5 aprel tarixində Texniki Komitənin prezidenti Hayde Bruneder (Avstriya) ilə birgə çempionatın püşkatma mərasimini keçirəcək və Təşkilat Komitəsinin üzvləri ilə görüşəcəklər. Daha sonra Texniki Komitənin üzvləri çempionatın saytı və təbliğat video-çarxının təqdimatında iştirak edəcək və yarışın keçirilməsi ilə bağlı bir çox texniki məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, Avropa Çempionatı "Koroğlu" metro stansiyasının yaxınlığında yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Bu müasir kompleks artıq Bakının yeni və tanınmış idman qurğuları siyahısına daxil olmuşdur.
İştirakçı ölkələrin nümayəndə heyətləri yarışların keçiriləcəyi yerin yaxınlığında olan, 2015-ci ildə təşkil olunacaq Avropa Oyunları üçün inşa edilmiş İdmançılar Kəndində yerləşdiriləcək.
Avropa Çempionatını yerli mətbuatla yanaşı, xarici kütləvi informasiya vasitələri də işıqlandıracaq. Mətbuat nümayəndələrinə gəldikdə isə, (televiziya, jurnalistlər, fotoqraflar, elektron KİV, blogerlər və s.) onlar Avropa Gimnastika İttifaqının aşağıdakı internet saytı ünvanına daxil olaraq, akkreditasiyadan keçə bilərlər - fedintgym.com/mediamanager/. Mətbuat nümayəndələri üçün qeydiyyatdan son keçmə tarixi - 28 may 2014-cü il.