İdman

gimnastikadan

başlayır

Bu dəfə Bakı bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarına ev sahibliyi edir

26 yanvar 2017

Bu dəfə Bakı bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarına ev sahibliyi edir

Bu gün Bakıda Beynəlxalq Gimnnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb. Kurslar yanvarın 26-dan 30-dək davam edəcək.

Açılışda çıxış etmiş FIG nümayəndəsi Yunis Lebre kurs iştirakçılarını salamladıqdan sonra təşkilat komitəsinin üzvlərini təqdim edib və gözəl təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

“Mən yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür etmək və hakimlərə uğurlar arzulamaq istəyirəm”, Y.Lebre deyib.

Sonra açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edib. Kurs iştirakçılarını salamladıqdan sonra F.Qayıbov onlara uğurlar arzulayıb və kursların uğurla keçəcəyinə ümidvar olduğunu bildirib.

“Bu kurslar Azərbaycanda ilk dəfədir keçirilir. Ötən həftə isə burada FIG Qitələrarası hakimlik kursları keçirilmişdi. Sizi qarşıda ağır həftə gözləyir, amma ümid edirəm ki, siz Bakının gözəlliklərindən zövq almağa vaxt tapa biləcəksiniz”, F.Qayıbov deyib.

Daha sonra iştirakçıların yoxlanması keçirilib və kurslara start verilib.

Kurslarda 17 federasiyadan 58 hakim iştirak edir. Bu tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.

“Trend” İnformasiya Agentliyi, 26 yanvar 2017-cı il