İdman

gimnastikadan

başlayır

“AMSTERDAM MASTERS”DƏN ÜÇ QIZIL!

29 iyun 2009

“AMSTERDAM MASTERS”DƏN ÜÇ QIZIL!

Azərbaycanın bədii gimnastika üzrə qrup komandası Hollandiyanın paytaxtında keçirilən “Amsterdam Masters” beynəlxalq turnirinin mütləq qalibi olmuşdur!

Hamıdan yaxşı çıxış edən Vəfa Hüseynova, Valeriya Yeqay, Anastasiya Prasolova, Dina Qorina, Ceyla Quliyeva və Stefani Trayanova hər üç növdə - çoxnövçülükdə və iki finalda qızıl medallara sahib olmuşlar.

Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata görə, podiuma çıxan idmançılar ölkəmizin Hollandiyadakı səfiri Fuad İsgəndərovun mükafatlandırma mərasimində iştirakından daha çox məmnun olmuşlar. Yarışlardan sonra isə o, komandamızın şərəfinə ziyafət təşkil etmişdir.

Milli komandanın baş məşqçisi Mariana Vasilevanın dediyinə görə, Amsterdamda Azərbaycan komandası böyük dəstəyə malik idi. Diplomatın özü və diplomatik missiyanın əməkdaşları, eləcə Niderlandda yaşayan həmyerlilərimiz turnir boyu idmançılarımızı aktiv şəkildə dəstəkləmiş, və bu da ümumi qələbəyə öz payını vermişdir.

- Final çıxışlarında kollektiv 3 lent / 2 iplə hərəkətlərə görə 24.7 bal almış, 5 halqa ilə hərəkətləri isə hakimlər tərəfindən daha yüksək qiymətləndirilmişdir – 25.65 xal, deyə baş məşqçi qeyd etmişdir. Çoxnövçülüyə gəldikdə isə, proqramın bu növündə komanda 50 bala yaxın nəticə göstərmişdir.

Azərbaycan qrup komandalarının son uğurları yığmanın baş məşqçisi Mariana Vasilevanın məqsədyönlü işinin nəticəsidir. Hələ də yeniyetmə qrup komandasının may ayında Bakıda keçirilən Avropa çempionatında ikinci yer tutması yaddaşlardan silinməyib. İndi isə senior qrup komandası özünü yaxşı tərəfdən göstərmişdir. Qeyd edək ki, onları sentyabr ayında ilin əsas startı – Yaponiyada dünya çempionatı gözləyir.

Yaponiyadakı dünya forumuna komanda Balkan yarımadasında hazırlaşacaq: təlim-məşq toplanışları əvvəlcə Sofiyada, sonra isə Burqasda avqustun 13-dək keçiriləcək. Qeyd edək ki, qrupla yanaşı Bolqarıstanda 14 yaşlı Jalə Qaratova da məşq edəcək. O, gələn Avropa çempionatında 2010-cu il Yeniyetmələrin Olimpiadasına vəsiqə uğrunda mübarizə aparacaq.

Dünya çempionatına senior gimnastlar da hazırlaşır. Avqustun ortalarınadək Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı və Samirə Mustafayeva Rusiya gimnastları ilə birgə Dubrovnik (Xorvatiya) idman bazasında məşq edəcəklər.

Və daha bir beynəlxalq yarış Rusiyanın Kislovodsk şəhərində başa çatmışdır. Burada da Azərbaycan gimnastı medal əldə etmişdir. 1997-ci il təvəllüdlü gimnastlar arasında çıxış edən Yekaterina Prokopenko 3-cü yeri tutmuşdur. Həmin yaş qrupunda çıxış edən Mənsurə Bağıyeva 10-cu olmuşdur. 1999-cu il təvəllüdlü gimnastlar arasında çıxış edən Səbinə Hümmətova isə 9-cu yerdə qərarlaşmışdır.