10 fevral 2014
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Estoniyanın Tartu şəhərində keçirilmiş ənənəvi beynəlxalq turnirdə əldə edilən medallardan 9-u qızıldır.
Məlumata görə, Bakıda iyunda keçiriləcək Avropa çempionatının gələcək iştirakçısı Marina Durunda hakimlərin diqqətindən və tamaşaçıların alqışlarından kənarda qalmayıb. O, halqa, gürzlər və lentlə final çıxışlarından sonra birinci yerə layiq görülüb. Turnirin formatına əsasən, M. Durunda yalnız üç finalda iştirak edə bilərdi və o, bütün finallarda qızıl medal qazanıb.
Bakıda keçiriləcək Avro-2014 çempionatına hazırlaşan ölkənin qrup komandasının gimnastları da komandanın liderindən geri qalmayıblar. Səbinə Abbasova, Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva çoxnövçülükdə ən yaxşı olublar, sonra bu uğuru finalda 3 top və 2 lentlə tapşırıqda təkrarlayıblar. Kollektiv yalnız 10 gürzlə hərəkətlərdə 1 səhvə yol verərək ikinci olub.
Məlumata əsasən, yığmanın ehtiyat qüvvəsi də sevindirici çıxış edib. 14 yaşlı Jalə Piriyeva halqa ilə tapşırıqda 2 qızıl medal qazanıb, onun həmyaşıdı Züleyxa İsmayılova isə gürzlər və lentlə tapşırıqda birinci olub. Beyza Demir isə (1999-cu il təvəllüdlü) gürzlərlə hərəkətlərdə yalnız ikinciliklə kifayətlənib.
Milli komandanın baş məşqçisi Mariana Vasileva nəticələrdən və komandanın çıxışından razı qalıb. Onun sözlərinə görə, ən əsası odur ki, yeni proqram hamının xoşuna gəldi, tamaşaçılar onu çox istiqanlı qarşıladılar: "Qızlar vəzifələrinin öhdəsindən gəldilər. Biz çalışmağa davam edirik və zənnimcə, daha nikbin ruhda işləyirik. Gənc hakimlər Anastasiya Prasolova və Yevgeniya Jidkovanın debütünə görə şadam. Onlar da xoş təəssürat bağışladılar".
10 gündən sonra yığmanın bu gimnastları Budapeştə digər beynəlxalq turnirə yollanacaqlar. Milli komandanın heyətinə düşmək istəyənlər isə Rusiyada "Alina Kap-2014" illik uşaq festivalının seçmə turnirində çıxış edəcəklər. 11 nəfərdən ibarət kollektiv fevralın 13-də Nijnekamskda 2 dəqiqəlik "Sirk" əyləncəli kompoziyasını nümayiş etdirəcək.