01 sentyabr 2011
Almaniyanın paytaxtı Berlində bədii gimnastika üzrə Qran-prinin final mərhələsi başa çatıb. Azərbaycan Gimnastika Federasiyanın mətbuat xidməti xəbər verir ki, yarışda Azərbaycan gimnastı Aliyə Qarayeva iki bürünc medal qazanıb. Əvvəlcə o, finalda halqa ilə hərəkətlərdə uğurla çıxış edərək 28.45 bal toplayıb və Qran-pridəki ilk üçüncü yeri öz aktivinə yazıb. Topla tapşırıqda o, daha 0.1 bal qazansa da, burada da üçüncü yerlə kifayətlənməli olub. Qarayeva gürzlər və lentlə finallarda müvafiq olaraq 4-cü və 8-ci olub, çoxnövçülükdə isə 6-cı nəticəni göstərib. Digər Azərbaycan gimnastı Anna Qurbanova təsnifatda 17-ci yeri tutaraq finala çıxa bilməyib. Mülayim iqlimli Berlindəki Qran-pri finalı ilə paralel olaraq isti Tel-Əvivdə Dünya Kubokunun növbəti mərhələsi keçirilib. Orada iştirak edən ölkənin qrup komandası 5 topla 10-cu yeri tutub. Lakin kollektiv finala çıxa bilməyib. Odur ki, Daşkənddə sentyabrın 5-7-də keçiriləcək Dünya Kuboku mərhələsində hadisələrin uğurlu gedişinə ümid etmək qalır. Baltikyanı iri Yurmala kurortunda keçirilən yeniyetmələr arasındakı beynəlxalq turnirdən də daha bir xəbər gəlib. Bu şəhər həm də gənclərin mahnı müsabiqəsinin keçirildiyi yer kimi tanınır. Azərbaycan gimnastları üçün müsabiqə uğurlu keçib - 3 qızıl və 2 bürünc medal. 10 yaşlı Leyli İbrahimova ip və halqa ilə tapşırığın qalibi, Ləman Dadaşlı (1998-ci il təvəllüdlü) isə lentlə birinci, eləcə də top və gürzlərlə üçüncü olub.