08 noyabr 2016
İki günlük gimnastika yarışlarında qaliblər müəyyənləşdi
7-8 noyabr tarixlərində Akrobatika gimnastikası üzrə 23-cü Bakı Çempionatı, həmçinin Batut gimnastikası və Tambliq üzrə 14-cü Azərbaycan Birinciliyi və Bakı Çempionatı yarışları baş tutdu.
Yarışların ilk günü “böyüklər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyalarında çıxış edən qadın cütlükləri, kişi cütlükləri, qarışıq cütlüklər və qadın qrupları arasında qaliblər müəyyənləşdi. Akrobatların güc və əzmin vəhdətini nümayiş etdirən zövglü musiqi sədaları altında icra olunan çətin elementləri zala toplaşmış tamaşaçıların böyük marağına səbəb oldu. Qeyd etməyə dəyər ki, fərqli obrazların əyləncəli fləşmob proqramı kiçik izləyiciləri də diqqətdən kənar qoymadı.
8 noyabr tarixində isə batut və tamblinqçilər “böyüklər”, “gənclər”, “yeniyetmələr”, “balacalar”, “uşaqlar” və “kiçiklər” yaş kateqoriyasında mübarizə apardılar. Yarışların ikinci günü təcrübəli idmançılarla yanaşı, yarış gərginliyini ilk dəfə yaşayan kiçik gimnastların həyəcanlı çıxışları ilə yadda qaldı.
Bakıda işgüzar səfərdə olan Avropa Gimnastika İttifaqının gimnastika növləri üzrə Texniki Komitələrin prezidentləri də yarışları izləmiş və təşkilatçılğı yüksək qiymətləndirmişlər.
Ümumilikdə 100-dən çox idmançının iştirak etdiyi yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” idman klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunmuşdu.
Yarışlar CBC Sport kanalı və Azərbaycan Gimnastika Federasiyasının rəsmi internet səhifəsində (www.agf.az) canlı yayım vasitəsilə nümayiş olunmuşdur.
Yarışların nəticələri haqqında daha ətraflı məlumatı http://www.agf.az/competitions/ səhifəsindən əldə edə bilərsiniz.