12 dekabr 2022
Dekabrın 8-dən 11-dək öz gözəlliyi və təbiəti ilə insanı valeh edən Azərbaycanın ən qədim şəhərlərindən olan Şəki şəhəri Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlara ev sahibliyi etdi.
6 gimnastika növü üzrə keçirilən birgə yarışlar may ayında bədii gimnastika üzrə 28 May Müstəqillik Gününə həsr edilmiş Dostluq yarışından sonra federasiyanın Şəkidə təşkil etdiyi ikinci yarış idi.
İlk dəfədir ki, paytaxtda deyil, məhz bölgədə keçirilən birgə yarışlar çərçivəsində iştirakçılar idman gimnastikası və akrobatika gimnastikası üzrə 27-ci, qadın idman gimnastikası, batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan çempionatı, bədii gimnastika üzrə 27-ci, aerobika gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyində qüvvələrini sınamaq imkanı qazandılar.
Xəbər verdiyimiz kimi, dekabrın 9-da Şəki Olimpiya İdman Kompleksində keçirilən yarışların açılış mərasimi zamanı tamaşaçılara yerli və dünya şöhrətli gimnastika ulduzlarının ifasında təqdim olunan qala-şou azarkeşlərə hələ uzun müddət xatırlayacaqları maraqlı anlar bəxş etmişdi.
Birgə yarışlarda ilk olaraq aerobika və akrobatika gimnastikası üzrə qaliblər müəyyənləşdi. Aerobika gimnastikası üzrə yarışlarda balacalar (cütlük, fərdi kişilər və qadınlar, üçlük), uşaqlar (fərdi qadınlar, qrup, üçlük), yeniyetmələr (fərdi qadınlar, qrup, üçlük), gənclər (fərdi qadınlar) arasında Azərbaycan çempionları bəlli oldu.
Akrobatika gimnastikası üzrə yarışlarda böyüklər kişi və qadın cütlükləri, qadın qrupu və qarışıq cütlüklər, yeniyetmələr isə qadın cütlüyü, qadın qrupu və qarışıq cütlüklər proqramında mübarizə apararaq qalibi müəyyənləşdirdilər.
Şəki səhnəsində öz məharətlərini nümayiş etdirən gimnastikanın ən zərif nümayəndələri, bədii gimnastlar balacalar (qrup və fərdi, 2012, 2013, 2014-cü il), yeniyetmələr və gənclər proqramında medallar uğrunda mübarizə apardı.
Batut gimnastikası və tamblinq üzrə yarışlarda yeniyetmələr, gənclər və böyüklər fərdi kişi və qadın proqramında birincilik uğrunda çıxış etdilər.
Qadın idman gimnastikası üzrə yarışlarda yeniyetmələr və gənclər, kişi idman gimnastikası üzrə yarışlarda isə böyüklər və gənclər yaş kateqoriyası üzrə fərdi proqramda ən güclülər bəlli oldu.
Beləliklə, maraqlı anları ilə yadda qalan yubiley ilinin birgə gimnastika yarışları müvəffəqiyyətlə başa çatdı.
Gimnastika növlərinin populyarlaşdırılması, bu növə olan marağın və kütləviliyin artırılması məqsədiilə yerli yarışların məhz bölgədə keçirilməsi regionlarda gimnastikanın inkişafının uğurlu ənənəsinin davamı olduğunu bir daha təsdiqlədi.
Yarışların nəticələri barədə ətraflı məlumatı federasiyanın saytından (yarışlar bölməsindən) əldə edə bilərsiniz.