İdman

gimnastikadan

başlayır

Uğurlu təşkilatçılıq, tarixi qələbə

07 mart 2022

Uğurlu təşkilatçılıq, tarixi qələbə


Bu dəfə Milli Gimnastika Arenası dünyanın müxtəlif ölkələrindən yeniyetmə və gənc akrobatika gimnastlarını qonaq etdi.
Azərbaycanda ilk dəfə keçirilən Akrobatika gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarında 24 ölkədən 438 idmançı birincilik uğrunda mübarizə apardı.
Yarışda 12-18 və 13-19 yaş qruplarında kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramlarında qüvvələrini sınadılar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil etdi.
Ötən ay paytaxtımızda keçirilən batut üzrə Dünya kubokunda olduğu kimi, budəfəki mötəbər yarışda da gimnastlarımız tarixi uğura imza atdılar.
Belə ki, turnirdə 13-19 yaş kateqoriyasında mübarizə aparan qadın qrupumuzun qazandığı qızıl medal Azərbaycanın akrobatika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medal oldu.
12-18 yaş qrupu üzrə temp və balans hərəkətlərində finala vəsiqə qazanan komandamızın digər üzvləri - Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlüyümüz həlledici mərhələdə yarışları 4-cü pillədə başa vurdu.
Qarşıda bizi bu növ üzrə daha bir mötəbər yarış gözləyir. Belə ki, martın 10-13-də Milli Gimnastika Arenası dünyanın ən güclü akrobatları bir araya toplayacaq.
Yarışların nəticələri ilə bağlı məlumatı federasiyanın saytından əldə edə bilərsiniz: https://agf.az/az/competitions/akrobatika-gimnastikasi-uzre-174816
Çempionatın Yerli Təşkilat Komitəsi olaraq bu yarışların keçirilməsində əməkdaşlıq etdiyimiz müvafiq dövlət strukturları və qurumlara dərin minnətdarlığımızı bildiririk!